Azərbaycana gətirilən ukraynalı məktəblilər: “Bura gələndən sonra rahatlıq tapmışıq” - VİDEO

Hazırda oxunan: Azərbaycana gətirilən ukraynalı məktəblilər: “Bura gələndən sonra rahatlıq tapmışıq” - VİDEO

Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilən ukraynalı məktəbli uşaqların Şəki turu ərəfəsindəki maraqlı məlumatlar

199156

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən ukraynalı uşaqlar üçün Qəbələ və Şəki turu təşkil edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkiyə gələn ukraynalı uşaqlar tarixi məkanlara baş çəkib, Şəkinin milli mətbəxi ilə tanış olublar.

Villora Şevçenko Ukraynanın Nikolayev vilayətində yaşayıb. Müharibə başlayanda o, 6-cı sinifdə təhsil alırdı. Bu il isə 9-cu sinfi başa vurub. Artıq 3 ildir ki, o, və həmyaşıdları olduqca çətin bir dövrdə yəni müharibə şəraitində təhsil alıblar. Dediyinə görə günün istənilən vaxtı həyəcan siqnalı eşitmək və dərhal sığınacağa qaçmaq həyəcanını yaşayıblar. Bir neçə gündür ki, o bir qrup həmyaşıdı ilə birgə Azərbaycana gəlib. Artıq ukraynalı uşaqlar tamam başqa bir mühitdə istirahət edir, reablitasiya proseslərinə cəlb olunurlar.

Villoranın sözlərinə görə Azərbaycana gələndən sonra bütün çətinlikləri geridə qoyublar və yetərincə rahat nəfəs alırlar:

“Mən Nikolayev şəhərində yaşayırdım. Müharibə başlayandan çətin bir şəraitdə yaşayırdıq. Başqa ailələrlə birlikdə yaşayırdıq və biz 10 nəfər idik. Evimizin ətrafına dəfələrlə raketlər düşüb və həyəcanlı anlar yaşamışıq. Bu zaman 10 nəfərin hamısı balaca bir neçə metrlik zirzəmidə saatlarla qalmalı olurduq. Bir sözlə hər günümüz həyəcan içərisində keçib” - deyən Ukrayna məktəblisi sözlərinə onu da əlavə edir ki, Azərbaycana gələndən sonra dinclik, rahatlıq tapıblar və yeni dostlar qazanıblar.

Villora gələcəkdə də yeni dostları ilə əlaqə saxlayacağını, ölkəmizi və insanları çox sevdiyini fikirlərinə əlavə edib.

Qrup rəhbəri İrina Andreyeva bildirir ki, hazırda ölkəsində müharibə davam edir. Bu dəfə gələn uşaqlar isə müharibənin ən qaynar nöqtəsi sayılan Nikolayev və Xerson şəhərlərini təmsil edir.

Qrup rəhbəri Şəkiyə gəlməzdən əvvəl İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvar, həmçinin Atəşgah məbədi, Yanardağ abidəsi və digər yerlərə səfər etdiyini, uşaqların bölgələrimizi də böyük maraqla gəzdiyini söyləyir.
Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Sərvər Abdullayev isə qeyd edib ki, ukraynalı uşaqlar Bakı, Qəbələ və Şəkidə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunublar. Həmçinin milli mətbəxlə tanış olub, bu sahədə master klaslarda iştirak ediblər.

Onu da öyrənirik ki, 10 günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.
 















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin