DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib. Nəticədə 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar.
Əməliyyatlarla “qara bazar”da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
Bizim.Media