Valideynlərin bilmədən pozduqları UŞAQ HÜQUQLARI – “Bunu edənləri CƏZA GÖZLƏYİR”

Hazırda oxunan: Valideynlərin bilmədən pozduqları UŞAQ HÜQUQLARI – “Bunu edənləri CƏZA GÖZLƏYİR”

198129

Valideyn-övlad münasibətləri həmişə müzakirə predmeti olub. Bu məsələdə Şərq-Qərb yanaşması, sərt-mülayim təlim-tərbiyə üsulu kimi məsələlər hər zaman mübahisə doğurub.

Son zamanlar isə kütləvi informasiya vasitələrində valideyn diqqətsizliyi və məsuliyyətsizliyi ilə əlaqədar baş verən hadisələrlə bağlı informasiyalar daha çox yayılır.

Belə ki, “uğursuz” abituryentlərin valideyn tənəsi, potensial və real tənbehi fonunda intihar halları, adekvat münasibətlərin olmaması səbəbindən uşaqların evdən qaçması, itkin düşməsi, bədbəxt hadisələr nəticəsində həyatlarını itirməsi və digər xoşagəlməz hadisələrlə bağlı günümüzdə onlarla xəbər başlıqlarına rast gəlirik.

Problemin ortaya çıxmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu xəbərlərin təhlili göstərir ki, bəzi valideynlər öz missiyalarını, vəzifələrini lazımi səviyyədə başa düşmür, özləri də bilmədən övladlarının həyatında neqativ rol oynayır:

“Beləliklə də həm özlərinə, həm cəmiyyətə problem yaratmış olurlar. Uşaqları etiketləmək - yaxşı uşaq, pis uşaq, fərasətli, bacarıqsız, sevimli uşaq, favorit övlad və ya “ocaqsöndürən” və s. bu kimi yanaşmalar valideynlər tərəfindən yol verilən kobud səhvdir, gec-tez partlayan mina effekti verir.

Bəzi “valideynlər” uşaqları bilərəkdən və ya bilməyərəkdən cinayət ortağına çevirir, onların özünü dərk etmədiyi yaşından istifadə edərək sosial şəbəkə “qəhrəman”larına çevirir. Beləliklə də onların gələcəyini ləkələyirlər. Bu etiketlərlə qarşılaşmış, motivasiyası öldürülmüş, sevgi aclığı yaşayan uşaqlar daim natamamlıq kompleksi yaşayır, bu travmalar onların həyat və fəaliyyət keyfiyyətinə təsir edir. Ancaq uşaqların valideyn tərəfindən zorakılığa məruz qalması zamanı bir çox hallarda uşaqlar müdafiəsiz qalır”.

Valideynlər övladlarının dostu yox, onun sahibi kimi davranır.

Sosioloq təəssüflə qeyd edib ki, əksər uşaqlar hər zaman idarə olunduqlarından hüquqlarını müdafiə etməyi də bilmirlər:

“Onların hüquqlarını müdafiə edəcək sahə adamları kimi sosial işçilərin də lisenziyası, akkreditasiyası hələ ki, ölkəmizdə həyata keçirilmir. Bu bir daha ölkəmizdə sosial işçi institunun formalaşmasını aktuallaşdırır.

Ailə Məcəlləsinə görə, valideynlər uşaqlarının sağlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 58-ci maddəsində isə valideynlərin uşaqlarını tərbiyə etmək hüququna malik olmaları və uşaqlarını tərbiyə etməyə borclu olmaları təsbit olunub. Belə ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Valideynlik hüquqlarının həyata keçirilməsi isə uşaqların mənafeyinə zidd ola bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”.

Uşqların hüququ dövlət tərəfindən, yoxsa valideynlər tərəfindən daha çox qorunur?

Üzeyir Şəfiyev deyib ki, uşaqların müdafiəsi dövlət tərəfindən daha güclü qorunur:

“Hətta dövlət bəzən uşaqları valideynlərin qəzəbindən belə müdafiə edir. Azərbaycan Konstitusiyasının 17-ci maddəsində qeyd edilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi uşağa qarşı fiziki zoraklıqla bağlı məsuliyyəti nəzərdə tutur.

Bəzi “valideynlər” uşağı dünyaya gətirib zibil qutularına, küçələrə, yad qapılara atırlar. Beləliklə də uşaqların həyatını riskə atır. Cinayət Məcəlləsinin 143-cü maddəsi belə şəxslərlə bağlı hüquqi məsuliyyəti müəyyən edir. Belə ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, uşağın həyat və sağlamlığı üçün təhlükəli vəziyyəti yaratmaq, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə hüquqi məsuliyyət yaradır.

Bununla yanaşı, digər mühüm məsələ məcburi nikaha cəlbetmə məsələsidir. Çox əfsuslar olsun ki, hələ də patriarxal təfəkkürlü valideynlər bir sıra hallarda uşaqların iradəsinə zidd olaraq onları məcburi nikaha, o cümlədən erkən nikaha məbur edirlər. Belə “valideyn”lərə qarşı da qanunun 176-cı maddəsinin müvafiq bəndləri üzrə hüquqi məsuliyyət mövcuddur”.




Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin