Vətən müharibəsində 159 hərbi tibb işçisi xəsarət alıb

Hazırda oxunan: Vətən müharibəsində 159 hərbi tibb işçisi xəsarət alıb

Vətən müharibəsində 159 hərbi tibb işçisi xəsarəti alıb. Azərbaycan Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Tibb işçilərinin fədakarlığı və döyüş cəbhəsindəki roluna dair ətraflı məlumat.

197654

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Son üç ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Həmçinin, TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin