Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıb, 14 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyun 8-13-də naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər.
Onlar əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər. Nəticədə 212 min, 20 min, 4400, 4500 dollar, eləcə də 21 min 530, 10 min, 5300, 7700, 4570, 4 min, 2 min manat olmaqla ümumilikdə on vətəndaşa 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurulub.
Polisin Bakıda keçirdiyi tədbirlərlə hadisələrin törədilməsində kuryer qismində iştirak edən 14 nəfər saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Bizim.Media