“Bildiyimiz kimi Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliyə əsasən bioloji qohumluğu olanların nikaha girməsi qadağan ediləcək. Nəzərə alaq ki, qohum evlilikləri və onun doğurduğu fəsadlar bu gün dünyada və daha çox Asiya ölkələrində, xüsusən də müsəlman şərqində son zamanlar çox ciddi müzakirə obyektidir”.
Bunu Bizim.Media-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki,bir qism sahə mütəxəssisləri və beynəlxalq qurumlar, o cümlədən ÜST qohum evliliklərinin genefondu, sağlam gələcək nəsilləri təhdid etdiyini vurğulayır:
“Digər mövqedə duranlarsa deyir ki, qohum evliliklərinin deyilən qədər fəsadları yoxdur. Bu maraqlı qurum və qüvvələrin əhalisi çox olan ölkələrdə təbii artımı ləngitmək, ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün düşünülmüş bir alət ola bilər. Bununla yanaşı, qohum evlilikləri ilə bağlı hüquqi tənzimlənmə məsələsi hüquqi dillemma yaradır.
Belə ki, qohum evliliklərinin qadağan olunması ənənəvi cəmiyyətlərdə toplumun mental arealına müdaxilə, ailə qurmaq istəyən şəxsin seçim azadlığına və deməli insan haqlarına qarşı çıxmaq kimi dəyərləndirilir. Digər tərəfdən, bunun əksinə olaraq dövlət cəmiyyətin sağlam gələcəyi, genefondun sağlamlığı naminə qohum evliliklərini qadağan edən hüquqi baza formalaşdırmaq istəyir”.
Sosioloq hesab edir ki, bu bir qədər çətin prosesdir:
“Çünki zaman-zaman daşlaşmış ənənəvi yanaşmaya, mental tərzlərə qarşı çıxmaq üçün təfəkkürə təsir edə biləcək inanandırıcı faktoloji material lazımdır. Bunu isə məhz sahə mütəxəssisləri ciddi əsaslandırılmış elmi araşdırmalarla ortaya qoymalıdır.
Əgər tibbi diaqnostik qiymətləndirmələr həqiqətən sübut edərsə ki, hansı dərəcəli qohumlar arasında nigah münasibətləri proqnozlaşdırılan ekstensional sağlamlıq təhlükəsi yaradır, o zaman dövlətin bu gün ortaya qoyduğu sağlam cəmiyyət və genefond naminə qohum evliliklərinin qadağan olunmasını nəzərdə tutan hüquqi bazanı dəstəkləmək lazımdır. Çünki ümumi mənafe fərdi mənafedən üstündür və bu praqmatik yanaşmadır.
Azərbaycanda qohum evlilikləri sovet dövrü və sovet dövrünə qədərki dönəmlə müqayisədə xeyli azalıb. Əgər sözügedən dönəmlərdə qohum evlilikləri ümumi nigah müqavilələrinin 50-60 faizini təşkil edirdisə, bu gün həndəsi fərq vardır. Belə ki, 2022-ci ilin statistikasına istinad etsək, 62 minə yaxın nikah müqaviləsinin yalnız 2500-ə qədəri qohum nikahlarıdır. Yəni aparılan maarifləndirmə, təbliğat işlərinin nəticəsi var”.
Üzeyir Şəfiyev hesab edir ki, hüquqi tənzimlənmə mexanizmini formalaşdırmağa tələsmək lazım deyil:
“İnsanlarla, ailələrlə işləmək, yeniyetmə və gənclərlə maarifləndirmə işləri aparmaq lazımdır. Köhnə stereotipli valideynlərlə müəyyən təşviqat-təbliğat işi aparılsa, yaxşı olar. Orta və ali məktəblərdə sahə müəllimləri tədris proqramlarına bu qəbildən olan mövzular daxil etməlidir. KİV, sosial media vasitəsilə əyani keyslər, qohum evliliklərinin fəsadlarını əks etdirən inandırıcı nümunələr sosial çarxlar vasitəsilə cəmiyyətə çatdırılmalıdır.
Qohum evlilikləri ilə bağlı beynəlxalq tədqiqatları öyrənmək, qohum evliliklərini qadağan edən ölkələrin təcrübəsini təhlil etmək, qabaqcıl təcrübələri adaptiv formada ölkəmizdə də tətbiqi imkanlarını araşdırmaq olar.
Bu istiqamətdə qəbul ediləcək qərarlar imitasiya xarakterli olmamalı, ciddi elmi əsaslara, obyektiv tibbi diaqnostik qiymətləndirməyə əsaslanmalıdır. Bir sıra Avropa ölkələrində, ABŞ-ın 24 ştatında qohum evliliklərini qadağan edən qanun var. Eyni zamanda, ABŞ-ın Arizona ştatında belə bir istisna da var ki, əgər evlənən cütlüklər fertil yaşını, nəsilvermə qabiliyətini itiribsə, bu halda qohum evliliyinə icazə verilir. Belə istisnaları da nəzərə almaq lazımdır.
Eyni zamanda, digər dinlərdən fərqli olaraq, İslam dini sözügedən qohum evliliklərinə pis baxmır, əksinə təqdir edir. Hesab edirəm ki, dini kəbini həyata keçirən din xadimləri də əgər belə bir hüquqi baza yaranarsa, bundan sonra bu məsələyə münasibətdə korrektlər etməli olacaqlar.
Beləliklə, bu məsələ ilk öncə təfəkkürdə, şüurda, arxetipdə oturmalıdır, sonra hüqiqi zəmin formalaşmalıdır. Təşəbbüsün sosial sifariş səciyyəsi alması üçün öncə düşüncə dəyişməli, problemə şüurlu yanaşma hakim olmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:10 / 12.06.2024
Maarifləndirmə, qadağa, yoxsa... – Qohum evlilikləri ilə bağlı yeni qaydalar NƏYİ DƏYİŞƏCƏK?
Hazırda oxunan: Maarifləndirmə, qadağa, yoxsa... – Qohum evlilikləri ilə bağlı yeni qaydalar NƏYİ DƏYİŞƏCƏK?
Hazırda oxunan: Maarifləndirmə, qadağa, yoxsa... – Qohum evlilikləri ilə bağlı yeni qaydalar NƏYİ DƏYİŞƏCƏK?
Maarifləndirmə, qadağa, yoxsa... – Qohum evlilikləri ilə bağlı yeni qaydalar NƏYİ DƏYİŞƏCƏK? Bildiyimiz kimi Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliyə əsasən bioloji qohumluğu olanların nikaha girməsi qadağan ediləcək. Nəzərə alaq ki, qohum evlilikləri dünyada və xüsusən də müsəlman şərqində son zamanlar çox ciddi müzakirə obyektidir. Üzeyir Şəfiyev deyir ki, qohum evlilikləri sağlam gələcək nəsilləri təhdid edir və hüquqi tənzimlənmələr lazımdır: qohum evliliklərinin qadağan olunması ənənəvi cəmiyyətlərin mental arealına müdaxilə, insan haqlarına qarşı çıxmaq kimi dəyərləndirilir. Lakin qohum evlilikləri sayı azalır və hüquqi tənzimlənmə mexanizmini formalaşdırmağa tələsmək lazım deyil. Şəfiyev bildirir ki, hüquqi baza obyektiv tibbi diaqnostik ilə əsaslanmalıdır. Ona görə də təhsil, təbliğat, sosial media vasitəsilə əyani keyslər cəmiyyətə çatdırılmalıdır.
196959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.