Xəstə rayonda, dərmanı Bakıda... – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

Hazırda oxunan: Xəstə rayonda, dərmanı Bakıda... – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

196955

Cəmiyyətimizdə elə insanlar var ki, onların ilkin tibbi yardıma, müalicə və əməliyyatdan sonra isə dərman təchizatına ehtiyacı var.

Haqqında söhbət açacağımız Qax və Şəki sakinləri də bu təbəqədən olan insanlar sırasına daxildir. Hər ikisi ciddi əməliyyat keçirib və hər ay dərman üçün Bakıya üz tuturlar. 

Elə qayğıları, problemləri də bundan sonra başlayır. 

Qaxın ucqar Qaşqaçay kənd sakini Xalid İsmayılov birinci Qarabağ Müharibəsi iştirakçısı, keçmiş güləşçidir. İki övlad atası olan müsahibimizin üzərində bir neçə il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə qaraciyər transplantasiyası həyata keçirilib. 

“Bu gün ayaq üstə gəzirəmsə, nəfəs alıramsa, Ulu Öndərin adını daşıyan fonda, bacıma və həkimlərimə minnətdaram”, - müsahibimiz deyir. 
 

Nəzərə alaq ki, Xalid İsmayılov gün ərzində 20-22 müxtəlif dərman qəbul edir və ayın sonu çatar-çatmaz dərmanlar tükənir. O məcburdur ki, qəbul etdiyi dərmanlar bitmədən Bakıya getsin. Bu proses isə o qədər də asan və ucuz başa gəlmir. Aldığı təqaüd isə 370 manatdır. 

“Dərmanı öz rayonumuzdan alsaq...”

Xalid İsmayılov bildirir ki, yaşadığı ucqar kənddən dərman almaq üçün ayda bir dəfə Bakı şəhərinə gedir. 

“Bizə hökumətin verdiyi təqaüdün yarısı demək olar yollarda gedir. Bu bir çətinlikdir. Elə bil, iki-üç gün də bizim vaxtımız itir. Bir gün gedirik, bir gün növbəyə dayanırıq, bir gün də qayıt. Bu üç gün çəkir. Bununla bağlı bir neçə dəfə müraciət də etmişəm, lakin reaksiya verən olmayıb. Bu dərmanları bizim rayondan, yaxud yaxın olan rayonlardan alsaq, əlavə xərclərimiz çıxmaz. İşlərimiz üçün xeyrli olar”, - deyən Xalid ümidvardır ki, bu məsələ həllini tapacaq.
 

“Hər dəfə 100-150 manat yol xərcimiz çıxır”

On ildən çoxdur ki, eyni problemi, yaşayanlardan biri də qonşu Şəkinin Biləcik kənd sakini Xalis Həsənovdur. Onun qızı Qönçə Həsənovaya böyrək transplantasiyası həyata keçirilib. Övladı birinci qrup əlil olan ata məcburdur ki, yaşadığı kənddən hər ay qızı ilə Bakıya gedərək həmin dərmanları ala bilsin. 

“Xəstəya baxmaq, xəstənin qayğısını çəkmək kənardan baxana elə də asan gəlməsin”- deyir, Xalis Həsənov. Hazırda qızının Bakıda müalicədə olduğunu deyən ata əlavə edir ki, yollara çəkilən xərclər ailənin büdcəsi xaricindədir. 
 

“Övladım uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Dializ götürəndən sonra 2013-cü ilin dekabr ayında Bakı şəhərində donor əməliyyatı keçirildi. Hazırda uşaq yaxşıdır, həkimlərə minnətdarlığımı bildirirəm. Hər ay biz bu uşağın ardınca dövlət tərəfindən verilən dərmanı götürmək üçün Bakı şəhərinə getmək məcburiyyətindəyik. Uşaq tək gedə bilmir. Ona görə mənimlə birlikdə gedir. Bu da bizə 100-150 manata başa gəlir. Bir sözlə təqaüdün yarısı yollara gedir. Əgər həmin dərmanları zona üzrə hər hansı yerə versələr, oradan daha rahat götürə bilərik”, - deyən Xalis kişi məsələni müvafiq qurumların diqqətinə çatdırmağı xahiş edir. 

Müsahiblərimizlə söhbətdən bəlli olur ki, Qax və Şəki rayonlarında dərmana görə paytaxta gedənlərin sayı az deyil. 

Problem həll oluna bilərmi?

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirir ki, belə xəstəlikdən əziyyət çəkən vətəndaşlar onlara da müraciət ünvanlayıb və məsələdən məlumatlıdırlar:

“Üzərində orqan əməliyyatı aparılmış vətəndaşların dərman təminatı və təchizatı bir mərkəzdən həyata keçirilir. Hazırda üzərində iş aparılan layihəyə əsasən isə yaxın gələcəkdə dərman təminatının vətəndaşların qeydiyyatda olduğu ərazilər üzrə təhkim olunduğu tibb müəssisəsi tərəfindən təmin olunması həyata keçirilə bilər və bu istiqamətdə işlər həyata keçirilir. Təkliflər hazırlanıb, qısa müddətdə təkliflər məqbul hesab olunarsa, icrası reallaşdırılacaq”.














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin