Son illərdə tez-tez belə hallara rast gəlinir ki, kredit götürən şəxs dünyasını dəyişəndə onun əvəzinə zamanət vermiş şəxs və yaxud mərhumun ailə üzvləri qalan krediti ödəyir. Əgər girov varsa, o zaman girov satılaraq kredit bağlanır.
Təbii ki, belə inzibati qaydalar bəzi narazılıqlara yol açır. Halbuki, dünyada istehlak kreditlərinin sığortalanması qaydası mövcuddur. Amma nəyə görəsə ölkəmizin bank-maliyyə sektoru bu məsələyə diqqət etmirdi.
Sözügedən məsələ ilə bağlı Bizim.Media-da məqalələr dərc olunub.
Nəhayət gözlənilən xəbər gəldi...
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev ötən gün məlumat verib ki, banklar üç ay müddətində əməliyyat sistemlərini kreditlərin sığortalanmasına inteqrasiya edəcək:
“Artıq bir neçə bank bu sistemə qoşulub. Hazırda istehlak kreditlərinin 95%-i həyat sığortası ilə təmin edilməyib. Bu baxımdan vətəndaşların kredit götürərkən və ya adi qaydada həyatının sığortalı olması baxımından faydalı olacaq".
Qeyd edilib ki, həyat sığortası tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək. Orta hesabla həyat sığortası tarifi 1% hesablanacaq.
Kreditlərin sığortalanması hansı imkanları yaradacaq?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, istehlak kreditlərin sığortalanması uzun müddət idi ki, müzakirə subyekti idi:
“Nəzərə alaq ki, istehlak krediti götürən bəzi şəxslər dünyasını dəyişən zaman banklar qalan vəsaiti mərhumun yaxınlarından tələb edir.Bu da istər-istəməz narazılıq yaradır. Belə xoşagəlməz halların yaranmasına səbəbsə sığortadan istifadə edilməməsidir. Sığortadan istifadə edilməməsi məhz öhdəliyin bölüşdürülməməsinə gətirib çıxarırdı.
Artıq yeni qaydalara əsasən istehlak kreditlərinin sığortalanması nəzərdə tutulur. Bu da nəticə etibarı ilə imkan verəcək ki, istehlak krediti götürən şəxs dünyasını dəyişdiyi zaman və yaxud sağlamlığında hər hansı bir ciddi problem yarananda kreditin qalan hissəsi ailə üzvləri yox, sığorta şirkəti tərəfindən ödənilsin. Bununla da kredit götürən şəxs dünyasını dəyişən zaman onun yaxınları heç bir öhdəlik daşımayacaq”.
Millət vəkili əlavə edib ki, burada diqqət çəkən digər məqam əlillərin kreditlərə çıxış imkanlarının artırılmasıdır:
“Çünki əvvəllər sığorta olmadığı üçün əlilliyi olan şəxslərin kredit götürməsində və yaxud kredit götürəndən sonra əlillik alan şəxslərin krediti qaytarılmasında problemlər yaşanırdı. Yeni qayda hər iki problemin aradan qalxmasına öz töhfəsini verəcək”.
Müsahibimiz bildirib ki, bu gün istehlak kreditlərinin ümumi həcmi ölkə üzrə 7 milyard manatdan artıqdır:
“3 milyondan artıq vətəndaşımızın istehlak krediti var. Ona görə də belə vəziyyətdə risklərin idarə edilməsinə sığorta şirkətlərinin cəlb edilməsi vacib idi. Ona görə də bank-maliyyə sistemi üçün bu çox mühüm islahatdır. Bu islahat istehlak kreditləşməsində risklərin kompensasiyasına və daha böyük həcmdə istehlak kreditlərinə çıxış imkanları yaradacaq.
Nəzərə alaq ki, risklərin idarə olunması kommersiya banklarına kredit faizlərini aşağı salmaq imkanları yaradacaq. Çünki risklər nə qədər çox idarə olunursa, risqlər bir o qədər də azalır. Bu da banklara imkan verir ki, kredit faizləri daha şox aşağı salınsın”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:00 / 07.06.2024
Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR: Bundan sonra…
Hazırda oxunan: Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR: Bundan sonra…
Hazırda oxunan: Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR: Bundan sonra…
Banklar artıq istehlak kreditlərinin həyat sığortası ilə təmin edilməsi sistemini tətbiq edəcəklər. Bu yeniliklər nəticəsində vətəndaşlar üçün daha çox imkanlar yaradılacaq və risklər azalacaq.
195999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.