Dünyanın diqqəti yenidən BAKIDA – Bakı Enerji Həftəsinin STRATEJİ ÖNƏMİ

Hazırda oxunan: Dünyanın diqqəti yenidən BAKIDA – Bakı Enerji Həftəsinin STRATEJİ ÖNƏMİ

Dünyanın diqqəti yenidən BAKIDA – Bakı Enerji Həftəsinin STRATEJİ ÖNƏMİ Ətraflı şəkildə izah edilir.

195808

Ötən gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində ilk tədbir - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ, Avropa İttifaqı, Türkiyə, BƏƏ və digər ölkələrin rəsmi şəxsləri iştirak ediblər. Bu da təsadüfi deyildi. 

Çünki Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərindən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Enerji Həftəsindən YADDA QALANLAR – Qərbin Azərbaycana artan dəstəyinin SƏBƏBLƏRİ


Nəzərə alaq ki, tədbirə dünyanın 30-dan artıq ölkəsindən 300-dək şirkəti iştirak edir. Ən əsası tədbiri dünyanın 100-ə yaxın aparıcı informasiya kanalları izləyəcək. 

Bütün bunlar isə ondan xəbər verir ki, tədbir kifayət qədər böyük iştirakçı ordusunu  və coğrafi baxımdan geniş regionu əhatə edir. Ən əsası, Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da bu tədbir çox vacibdir. 

Yaşıl enerjiyə keçiddə tarixi addımlar

Xatırladaq ki, açılış mərasimində Azərbaycan Prezidenti də çıxış edib. Çıxışı zamanı ölkə başçısı Azərbaycan anoloji və alternativ enerji imkanlarından danışıb. Bildirib ki, sərgidə Azərbaycanın enerji siyasətinin bütün seqmentləri əhatəli şəkildə təqdim edilir:

“Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. 

Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”.

Yaşıl enerji sahəsində yeni imkanlar

Bu tədbir eyni zamanda, yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzlərinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət - özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. 

Həm də innovasiya və texnologiyanın təqdimatı baxımından Bakı Enerji Həftəsi çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir. 

Təsadüfi deyil ki, Azərbaycan lideri çıxışında bu məsələyə xüsusi yer ayırıb:

“Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaq. Beləliklə, bərpaolunan enerjinin 1 giqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcək”.

Cozef Bayden nələri etiraf etdi?

Bu gün Azərbaycan öz enerji resursları hesabına həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Cozef Baydenin tədbirə ünvanladığı məktubunda bu barədə ətraflı bəhs olunur:

“Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. 

Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər”.

Maraqlıdır ki, Bayden regional sabitlikdə Azərbaycanı ABŞ-ın əsas tərəfdaşı adlandırıb. Onun fikrincə Azərbaycanın qətiyyəti və potensialı sayəsində onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək:
“Bu Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq”.

Aİ nədən məmnundur?

Azərbaycanın regionda əsas oyunçu olmasını və Avropa İttifaqının enerji təhlükəsizliyində vacib rolunu həmçinin Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero da vurğulayıb. Avropalı qonaq alternativ enerji sahəsində Azərbaycanın çox böyük imkanlara sahib olmasından da danışıb:

“Ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq yaşıl enerjiyə keçid prosesini daha da sürətləndirir. Bu baxımdan, Azərbaycanı yaxın vaxtlarda bütün dünya üzrə 2030-cu ilədək bərpaolunan enerji tutumunu 3 dəfə, enerji səmərəliliyini isə 2 dəfə artırmağa dair Qlobal Öhdəliyə və bütün dünya üzrə cari onillik ərzində metan emissiyalarını minimum 30 faizə qədər azaltmağa dair Qlobal Metan Öhdəliyinə qoşulması münasibətilə təbrik edirəm”.

Qərb Azərbaycandan nümunə götürür.

Göründüyü kimi Avropa İttifaqı təkcə Azərbaycanı enerji mənbələrindən təkcə bəhrələnmir, həm ölkəmizin bu sahədə apardığı siyasətdən örnək alır. Çünki Azərbaycan üçün prioritet ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpasıdır.  Ölkəmizin iqtisadi siyasətini buna uyğun qurması isə təbii ki, beynəlxalq aləm üçün nümunədir, örnəkdir.

Ötən günkü tədbir göstərdi ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə və bu sahədə innovativ metodların tətbiqində həm ABŞ, həm Aİ, həm Türkiyə, həm də digər ölkələr Azərbaycanı dəstəkləyirlər.

Bu da təbii ki, Azərbaycanın artan nüfuzunun göstəricisidir. 

Bu təkcə Aİ-nin Azərbaycandan enerji asılılığı ilə bağlı məsələ deyil. Bu Azərbaycanın dünyaya təklif və təqdim etdiyi yaşıl enerji ilə bağlı perspektivləri özündə əks etdirir. Bu məsələdə həssas məqam ondan ibarətdir ki, əksər ölkələrdə yaşıl enerji istehsalı özəl sektorun boynuna düşürsə, bu Azərbaycanın dövlət siyasətidir. 

Azərbaycan dövləti yaşıl enerjinin istehsalında birbaşa iştirakçı, istehsalıçı və investordur. Ən əsası da Azərbaycan bu sahədə əldə etdiyi uğurları həvəslə beynəlxalq aləmlə bölüşür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də dünənki çıxışında bu məsələnin üzərində xüsusilə dayanıb:

“Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq”. 

İlham Əliyev qeyd edib ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcək ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaq:

“Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Surxay Atakişiyev, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin