III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – FOTO/VİDEO

Hazırda oxunan: III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – FOTO/VİDEO

195094

Bakıda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr edilmiş III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb.

Bizim.Media xəbər verir ki, konfransın ikinci günündə çıxış edən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycanın Ermənistanla sülh razılaşmasına yaxın olduğunu qeyd edərək deyib:

“Ən əsas odur ki, Azərbaycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Lakin məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yenidənqurma işləri mina səbəbindən ləngiyir. Azərbaycan minalarla çirklənməyə görə dünyada ilk beşlikdədir. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir. Mina fəaliyyəti insanlar üçün təhlükəsiz şəraitin yaradılmasına hədəflənib. Həmin fəaliyyət yenidənqurma işlərinin, sosial siyasətin əsasını təşkil edir. Bu prosesə illər lazımdır. Lakin Azərbaycanın bu istiqamətdə işləyən qurumu - ANAMA məhsuldar fəaliyyət göstərir. Xanımlardan ibarət minatəmizləyənlər də var. Lakin bu istiqamətdə ölkəmizə beynəlxalq dəstək azdır. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu yükün bölüşdürülməsinə kömək edəcək”.

BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyev konfrans iştirakçılarına videomüraciətində Azərbaycan hökumətinə ətraf mühiti mühafizə sahəsində həyata keçirdiyi tədbirlərə, xüsusilə mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətləri 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi onu göstərir ki, ölkə ətraf mühitin mühafizəsini ali məqsəd kimi görür. Azərbaycanın minatəmizləmə fəaliyyətini - xüsusilə ANAMA-nın gördüyü işləri yüksək qiymətləndirirəm. Bu yaxınlarda beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi dərc olunacaq. Ümumilikdə, mina problemi ilə ətraf mühit arasında əlaqəni qabartmaq vacibdir".

Açılış nitqlərindən sonra konfrans panel sessiyalarda davam edib.

“Ətraf mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması”, "Təhlükəsiz və yaşıl gələcək üçün resurs səfərbərliyi və mina fəaliyyəti vasitəsilə inklüziv transformasiya" və “Yaşıl davamlı inkişaf üçün siyasət inteqrasiyası və təbliğat” mövzularında keçirilən panel sessiyalarda minaların ətraf mühitə vurduğu ziyandan, insanların həyatı üçün yaratdığı təhlükələrdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətləndirilməsi və sakinlərin qayıdışı üçün beynəlxalq humanitar minatəmizləmə fəaliyyətinin aparılmasının vacibliyindən söhbət açılıb, ANAMA-nın mina təmizləmə fəaliyyəti yüksək qiymətləndirilib.
Sonra konfransın yekununa dair Bəyannamə qəbul edilib. Bəyannaməni BMT İnkişaf Proqramının Qlobal mina təmizləmə fəaliyyəti və inkişafı üzrə müşaviri Ştayner Essen oxuyub.

Sonda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov Azərbaycanın minatəmizləmə sahəsində böyük təcrübə əldə etdiyini diqqətə çatdıraraq deyib:

"Biz bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırıq. Həmin təcrübəni əldə etmək bizə baha başa gəldi”.

Minalar və partlamamış hərbi sursatların milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyduğunu qeyd edən N.Süleymanov, onların su və torpaq resurslarına ciddi təhdid olduğunu da vurğulayıb. "Dünyada konfliktlərin artdığı vaxtda biz birlikdə müharibələrin fəsadlarına qarşı mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən mənfuru minalardır.

Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. Biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik”, - deyə N.Süleymanov fikirlərinə yekun vurub.

Bununla da konfrans işini başa çatdırıb.

Xatırladaq ki, konfransın ilk günü Zəngilanda, ikinci günü isə Bakıda keçirilib.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin