Xəbər verdiyimiz kimi, taksi və sərnişindaşımada fəaliyyət göstərən sürücülərlə bağlı yenilik tətbiq olunub. Belə ki, Azərbaycanda sərnişindaşıma fəaliyyəti həyata keçirən bütün sürücülər, eləcə də taksi sürücülərinin hazırlığını Dövlət İmtahan Mərkəzi qiymətləndirəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Taksi sürücülərinin hazırlığını DİM qiymətləndirəcək" – Məleykə Abbaszadə
Onun sözlərinə görə qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Bu hazırlığın nəticələrinin qiymətləndirilməsi isə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlığının və hazırlığın nəticələrinin qiymətləndirilməsini də Dövlət İmtahan Mərkəzi həyata keçirəcək.
Maraqlıdır, qiymətləndirmə necə aparılacaq? Qeyd olunan sürücülərdən konkret nələr tələb olunacaq?
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək:
“Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur.
Təxminən 1-2 aydan sonra prosesin tam detalları bəlli ola bilər. Təlimləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), qiymətləndirilməsini isə DİM həyata keçirəcək. Bununla bağlı danışıqlar gedir, nəticə ilə bağlı ətraflı məlumat veriləcək”.
Məhərrəm Əliyev, Bizim.Media