May yağışlarının FƏSADLARI – “Məhsulların yetişməsi ləngiyəcək, qiymətlər isə...”

Hazırda oxunan: May yağışlarının FƏSADLARI – “Məhsulların yetişməsi ləngiyəcək, qiymətlər isə...”

Azərbaycanda may ayında yaşanan anormal hava şəraitinin məhsullara etkisi və mövsüm məhsullarının qiymətlərinə gələcək təsirləri haqqında iqtisadçıların açıqlamaları.

194864

Azərbaycanda may ayı başa çatmaq üzrədir. Bu ay adətən isti keçir. Lakin cari ilin may ayında ölkədə temperatur orta göstəricidən bir qədər aşağı olub. Bir sıra ərazilərdə güclü küləklər, yağış və dolu yayıb. Nəticədə bəzi təsərrüfatlar mayda müşahidə edilən anormal hava şəraitindən ziyan çəkib.

Görəsən, mayın anormal hava şəraiti hansı təsərrüfatlara ziyan vurub? Bu vəziyyət hansı məhsulların qiymətinə öz təsirini göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, mayda yaşanan hava şəraiti fonunda bostan bitkiləri və tərəvəzlərin yetişməsi azı 2-3 həftə ləngiyəcək:

“Mayda müşahidə olunan anormal hava şəraiti bostan bitkiləri və tərəvəzin açıq sahədə əkilməsi və becərilməsinə maneə olub. Nəticədə bu bitkilərin məhsul verməsi ən azı 2-3 həftə ləngiyəcək. Bu günə qədər açıq sahədə yetişən pomidoru iyun ayının əvvəllərində piştaxtalarda görürdüksə, indi bunu iyunun sonlarında müşahidə edəcəyik. Digər tərəvəz məhsullarında da anoloji vəziyyətlə üzləşəcəyik. Gecikmə isə bostan və tərəvəz bitkilərinin qiymətinin bahalaşmasına təsir edəcək”.

Həmsöhbətimizə görə, yalnız kartof və soğana anormal havaların ciddi təsiri olmayacaq

“Bundan əlavə müşahidə edilən güclü küləklər meyvələrin zədələnməsi və çürüməsinə səbəb olub. Bəzi meyvələri yetişməmiş güclü küləklər zədələyərək töküb. Bu da onu göstərir ki, meyvə məhsulları üzrə məhsuldarlıq xeyli aşağı düşəcək. Ərik, albalı, gilasın yetişməsi bir qədər gecikəcək”.

Ekspert deyir ki, mayın anormal hava şəraiti taxıl məhsuluna da ciddi ziyan vurub:

“Mövcud şəraitdə yabanı bitkilərin inkişafı üçün münbit şərait yaranıb ki, bu da biçin zamanı məhsuldarlığı aşağı salır. Yoncanın birinci biçini sıradan çıxıb, çürüyüb. Hazırda ot bazarında keyfiyyətsizlik səbəbindən bir ot bağlamasının qiymət 2 manata düşüb. Amma növbəti biçində qiyməti bir neçə dəfə bahalaşacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin