Qanunvericiliyə görə, mənzildə yaşayanların iradəsinin ziddinə olaraq heç kəs evə daxl ola bilməz. Vətəndaşın mənzilinə razılıq olmadan və ya razılıq gözləmədən xüsusi hallarda daxil olmaq mümkündür. Bura həmin sahədə qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş və ya fövqəladə xarakterli digər şərait, cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması vəziyyəti daxildir.
Lakin kommunal xidmət növləri ilə bağlı bəzi nəzarətçilərin mənzilə daxil olmaq istədikləri halları da var. Kommunal xidmətlə bağlı ödənişlər onlayn şəkildə elektron formada ödənilsə də təhlükəsizlik baxımından idarələrin işçiləri mənzillərə baxış keçirirlər. Bu, öncədən vətəndaşa yazılı şəkildə bildirilir.
Bəs mənzil sahibinin kommunal xidmət növləri ilə bağlı evə gələn qurum əməkdaşından sənəd tələb etmək hüququ varmı?
Mövzu barədə Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, sənəd tələb etmək mənzildə yaşayanların hüququdur:
“Evə hansısa idarənin işçisi kimi daxil olmaq istəyən şəxsdən onun həmin idarənin işçisi olduğunu bilmək üçün mütləq sənəd tələb eləmək lazımdır. Yaxşı olar ki, adını, soyadını da yadda saxlasınlar.
Təcrübə göstərir ki, oğrular əvvəlcədən kəşfiyyat aparır, soymaq istədikləri evə müxtəlif adlarla gəlir, evin quruluşu, evdə nə olub olmadığı, hansı saatlarda kimlərin evdə olması ilə maraqlanırlar. Ona görə də gələn şəxsin kimliyini, haradan gəldiyini bilmək lazımdır. Təhlükəsizlik baxımından hər adamı, tanımadığın şəxsi evin içərisinə buraxmaq düzgün deyil. Belə faktlar az olsa da baş verir”.
Hüquqşünas hesab edir ki, qaz, işıq, su sayğacları mənzillərdən və həyətdən çöldə olmalıdır:
“İndi kommunal ödənişlər hamısı elektron ödənişdir. Əhaliyə onu izah eləmək lazımdır ki, nəzarətçiyə heç vaxt ödəniş eləməsinlər. Çünki bəzən hansısa idarədən gəldiklərini, abonentin borclu olduğunu, borc ödənməsə qaz, işıq, suyun kəsiləcəyini deyib pul alırlar. Bilməlidirlər ki, bu, qanunsuzdur. Çünki borcla bağlı yazılı bildiriş olmalıdır.
İndi sayğacların böyük əksəriyyəti mənzilin içərisində quraşdırılmır, ya həyətin çölündə, ya da binaların blokunda quraşdırılır. Bu, yaxşı haldır. Mənzillərdən sayğaclar çıxarılmalıdır. Bu həm sayğacların, həm də insanların təhlükəsizliyi baxımından yaxşıdır. Əhali özü bunu tələb eləməlidir.
Bəzən elə bilirlər ki, sayğac çöldə olsa, onu kimsə xarab edə, sındıra bilər. Qətiyyən, bu belə deyil. Bundan ötrü məsuliyyəti artıq vətəndaş yox, həmin qurum daşıyır. Bu, müştərinin səlahiyyətinə aid deyil.
Tez-tez işıq idarəsi ilə bağlı sayğaclara müdaxilə ilə bağlı müştəriyə akt yazırdılar. Əgər sayğac mənzildən kənardadırsa, hüquqşünaslar üçün onu mübahisələndirib borcu sildirmək asandır.
Yəni sayğaca müdaxilə olub olmadığını güdmək müştərinin borcu deyil. Həm də bu mənada sərfəlidir. Ona görə də əhali özü də çalışmalıdır ki, sayğaclar mənzildən və ya həyətdən kənarda olsun”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 29.05.2024
Ev sahibinin kommunal xidmətlə bağlı evə gələn qurum əməkdaşından sənəd tələb etmək HÜQUQU varmı?
Hazırda oxunan: Ev sahibinin kommunal xidmətlə bağlı evə gələn qurum əməkdaşından sənəd tələb etmək HÜQUQU varmı?
Hazırda oxunan: Ev sahibinin kommunal xidmətlə bağlı evə gələn qurum əməkdaşından sənəd tələb etmək HÜQUQU varmı?
194677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.