“Oxuduğum “Nə olar Allahım ayırma bizi” mahnısındakı o sözləri yaşayacağamı ağlıma gətirməzdim. Öz həyatıma həsr edəcəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “O üz” verilişində deyib.
Sənətçi bir neçə il əvvəl qəfil ürəktutmasından dünyasını dəyişən oğlu Əlidən söz açıb. Nazpəri övladının son sözlərini açıqlayıb:
“Gərək, Allaha üsyan etməyəsən. Allah verdiyi övladı alırsa, bir ananın ona üsyan etməyə haqqı yoxdur. Bu, Allaha qarşı çıxmaqdır. Ona görə hər zaman Allahımdan səbir diləyib, şükür etməyə çalışıram. Övladım Əli gözlərini yumanda, son nəfəsində mənə 3 kəlimə söz söylədi. Dedi ki, “Ana, haqqını halal et, sən bizim üçün çox əziyyətlər çəkmisən. Oğlum Tamerlanı sənə tapşırıram. Səni sevənlərin gözünü yolda qoyma. Heç zaman səhnəni buraxma”. Düzü, mən onun dediklərini anlamırdım. O hiss edirdi ki, dünyadan gedir. Amma mən onu hiss etmirdim (ağlayır)”.
Dostəliyeva digər oğlu Əkbərdən də söz açıb:
“Mənim təsəllim insanların mənə olan sevgisidir. Təsəllim digər övladım Əkbərdir. Göz yaşımı axıdanda Əkbərin xətrinə dəyirdi. Deyirdi ki, “Ana, axı biz varıq”. Hətta Əkbər elə bir söz dedi ki, onu özümə bağışlaya bilmədim. Söylədi ki, “Belə çıxır ki, mən də yoxam?!” Nəvələrimlə görüşürəm. Tamerlan nəvəm uzaqda olur. Bakıya gələndə onunla mütləq görüşürəm. O mənə “Əli mama” deyir. Eləcə də oğlum Əkbərin övladları ilə tez-tez görüşürəm. Təsəllilərim onlardır”.
Rəşad Əliyev, Bizim.Media