Azərbaycana qarşı “əsir” kampaniyası - “Ombudsman fəallığını artırmalıdır” 

Hazırda oxunan: Azərbaycana qarşı “əsir” kampaniyası - “Ombudsman fəallığını artırmalıdır” 

19418

“Biz haqlı olaraq 10 noyabrdan sonra ələ keçirdiyimiz erməni silahlılarını “əsir” hesab etmirik. Həmin Ermənistan vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə biz onları terrorçu hesab edirik. 10 noyabra qədər bütün əsirlər təhvil verilib”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı “əsir” kampaniyası təşkil ediblər və Qərbin müxtəlif mərkəzlərində dəstək görürlər:

“Ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin “əsir” mövzusunu qanunverici orqanlara çıxarılması da istisna deyil. Artıq “təşəbbüs qrupları” formalaşıb. Azərbaycan haqlıdır, ancaq Ermənistan, erməni lobbisi və Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər.
 

Ona görə də nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq”. 


Politoloq qeyd edib ki, erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını həbsxanada saxladı. Günahları o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etməyə getmişdilər:

“Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik.
 

Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsiylə əlaqələndirməliyik.


Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Digər tərəfdən təzyiq qarşısında hücum diplomatiyasını gücləndirməliyik. Azərbaycanın ombudsmanının da fəallığını artırmasına ehtiyac var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin