Erməni bloger: “Dörd kənddə Azərbaycan bayrağının ucaldılması sülh üçün mühüm nailiyyətdir” – ÖZƏL 

Hazırda oxunan: Erməni bloger: “Dörd kənddə Azərbaycan bayrağının ucaldılması sülh üçün mühüm nailiyyətdir” – ÖZƏL 

Erməni bloger Natali Aleksanyan Qazaxın dörd kəndində Azərbaycan bayrağının ucaldılmasını sülh üçün mühüm nailiyyət kimi qiymətləndirir və sülh müqaviləsinin imzalanmasına ümid edir. O, Ermənistandakı etiraz aksiyalarını təhlil edir və sülhə mane ola biləcəklər barədə fikirlərini paylaşır.
193865

“Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasını ölkələrimiz arasında barışıq yolunda mühüm nailiyyət hesab edirəm. Hər bir ölkə öz ərazisi üzərində suverenliyə malik olduqda, bununla bağlı məsələlərin həlli xeyli asanlaşar”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib. 

Bu gün Qazaxın nəzarətə götürülən dörd kəndində Azərbaycan bayrağının ucaldılmasının iki ölkə arasında sülh üçün mühüm addım olduğuna diqqət çəkən Aleksanyan, yaxın zamanda sülh müqaviləsinin imzalanacağına da ümidvar olduğunu deyib: 

“Baş verənlər onu deməyə əsas verir ki, proseslər xeyli sürətlə gedəcək, çünki gələcək demarkasiya xəttində artıq mübahisəli yaşayış məntəqələri yoxdur. Ümumiyyətlə, Qalstanyan və digər etirazçıların dağları və dərələri keçərək necə qaçacaqlarını izləmək çox gülməli olacaq. İnanıram ki, Ermənistanda etiraz aksiyaları sülh müqaviləsi imzalanana qədər, bəlkə də ondan sonra da olacaq. 

Bu insanlar başqa nə edəcəklərini bilmirlər, beyinləri yalnız bu işə yönəlib. Başqa bir məsələ ondan ibarətdir ki, onlar uğur qazana bilməyəcəklər və nəzərdə tutduqları məqsədə çatmayacaqlar”, - deyə N.Aleksanyan bildirib.

“Etirazlar bir müddət də davam edəcək”

Erməni bloger, Paşinyan admstrasiyasının daha sərt addımlar atmalı olduğunu və sülhə əngəl olanların zərərsizləşdirilməsini təklif edir:

“Hesab edirəm ki, onları sakitləşdirməyin yeganə yolu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın etdiyi kimi davranmaq, yəni Daşnaksütyun partiyasının fəaliyyətini və onun ideologiyasını qanuni olaraq qadağan etməkdir. 

Baş nazir Paşinyan bu addımı atmaq istəməzdi, lakin ona başqa seçim də verilmir. Əgər bu addım atılmasa, daşnaklar qiyamətə qədər öz xuliqanlıqlarına davam edəcəklər. Dörd kəndin Azərbaycana qaytarılması isə heç də etiraz aksiyası üçün əsas deyil, sadəcə olaraq əlverişli bəhanədir. Amma mən yenə də təkrar edirəm ki, onların heç bir uğuru olmayacaq və baş nazir Nikol Paşinyanın qonşuları ilə barışıq siyasətinə mane ola bilməyəcəklər”. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin