Meyxanaçı Ruslan: "Anam qucağımda vəfat etdi” – VİDEO

Hazırda oxunan: Meyxanaçı Ruslan: "Anam qucağımda vəfat etdi” – VİDEO

193595

Məşhur meyxanaçı Ruslan Müşfiqabadlı bir neçə gün əvvəl itirdiyi anasından söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda söz xiridarı “Xəzər axşamı” verilişinə müsahibəsində danışıb.

Ruslan bildirib ki, valideyni onun qollarında vəfat edib:

“Atam uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər onun yaşayacağı ilə bağlı müəyyən vaxt qoymuşdular. Biz onun dünyasını dəyişəcəyinə hazır idik. Bilirdik ki, onun vəziyyəti günü-gündən pisləşir. Amma anamın ölümü ani oldu. Çünki onun vəfat edəcəyini gözləmirdim. Anam şəkər xəstəsi idi. O, insulin dərmanlarını qəbul edirdi. Mən evə gəlməyincə, anam heç zaman yatmazdı. Gecə saatlarında toydan gəlsəm də, hər zaman evimizin qapısını üzümə anam açırdı. Həmin gün anama zəng vurub söylədim ki, “Ana, qapını aç”. O, qapını açıb məni qarşıladı. Dedi ki, yatmağa gedirəm. Səhər gedəsi yerim vardı. Ona dedim ki, “Ana, səhər tezdən məni oyat”. Cavab verdi ki, problem yoxdur. Beş dəqiqədən sonra anam məni çağırıb söylədi ki, “Təcili yardım çağır, nəfəsim çatmır”. Təcili tibbi yardım gəldi. Onu tibbi maşına mindirəndə qucağımda dünyasını dəyişdi. Həkimlərin qoyduğu rəy gizli trombun olması olub. Tromb kanala düşüb və o, dünyasını dəyişib. Vəsiyyət edə bilmədi. O hadisə baş verəndə mən təşvişə düşdüm, heç bir şey edə bilmədim. Anamın yalnız bir sözü oldu, üç dəfə dedi ki, “Oğlum, qorxma!” Bir tək bu sözü oldu”.

Sənətçi vurğulayıb ki, ana haqqında mahnı oxuması onun anasını kədərə boğub:

“Bir ana mahnısı oxumuşdum. Bu mahnını isə içimdən gəldiyinə görə oxumuşdum. Anam belə bir mahnı oxuduğumu bilmirdi. O təsadüfən efirdən eşitmişdi. Anam bu ifama görə çox ağlamışdı. Bacıma zəng vurub demişdi ki, “Tez-tez anadan şeir deyir, mahnı oxuyur. Deyəsən, mənə nəsə olacaq”. Hər gün o mahnıya qulaq asıb deyirdi ki, “Hamı üçün oxumusan, nə yaxşı bu mahnını mənim üçün oxudun”. Mahnı anamdan mənim üçün yadigar olaraq qaldı”.

Meyxanaçı müsahibəsini bu sözlərlə yekunlaşdırıb:

“Anam yuxuma girsə, o yuxudan ayılmaq istəmərəm. İstəyirəm ki, anam mənə desin ki, o dünyada yerim rahatdır. Az da olsa biraz buna görə rahatlıq tapım”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin