ABŞ Ukraynaya hərbçilərini göndərmək niyyətini növbəti dəfə bəyan edib. Vaşinqton artıq Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün NATO təlimatçılarının Kiyevə göndərilməsini istisna etmir, lakin bu, tezliklə baş verməyəcək.
Bu barədə “The New York Times” ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna istinadən yazıb.
“Əvvəl-axır, biz zamanla buna gələcəyik”, – general Brüsseldə NATO Hərbi Komitəsinin iclasına gedərkən jurnalistlərə deyib. Braunun sözlərinə görə, hazırda Ukraynada bu cür fəaliyyət “NATO təlimatçılarının həyatını riskə atacaq” və onları qorumaq üçün “qiymətli” hava hücumundan müdafiə vasitələri və ya Ukraynanın kritik infrastrukturunu istifadə etmək arasında seçim etməyə məcbur edəcək.
“The New York Times” həmçinin yazıb ki, Ukraynanın NATO üzrə müttəfiqləri Ukrayna qüvvələrinə təlim keçmək üçün öz hərbçilərini göndərməyə yaxındır.
Qəzet vurğulayıb ki, NATO üzvü kimi Vaşinqton alyansın təlimatçılarını istənilən hücumdan qorumağa kömək etməyə borclu olacaq. Bu, potensial olaraq ABŞ-ni müharibəyə cəlb edə bilər.
Maraqlıdır ki, ABŞ Ukraynaya hərbçilərini göndərmək niyyətini növbəti dəfə bəyan etməsi fonunda Rusiya isə NATO-ya hücum etmək fikrinin olmadığını deyir.
Olmaya, Rusiya münaqişəni dondurmaq istəyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Rusiya, həmçinin Qərbin özü də Ukrayna məsələsinin indiki vəziyyətində donub qalmasında maraqlıdırlar:
“ABŞ-ın hansısa bir formada Ukraynaya öz hərbçilərini göndərməsi, fikrimcə, müzakirə mövzusu deyil. Nəzərə alaq ki, ABŞ-da Ukraynaya 60 milyard dollardan çox yardım göndərilməsi ətrafında aylarla respublikaçılarla demokratlar arasında siyasi müzakirə və gərginliklər baş verdi. Hətta bu yardım təsdiqlənsə də, günü bu gün də həmin yardımın Ukraynaya verilmədiyi və yaxud bu mövzunun ciddi manipulyasiya mövzusuna çevrildiyini görürük.
Kiyevdə yardımın əldə edilmədiyi barədə ciddi narazılıqlar hökm sürməyə başlayır. Belə olan təqdirdə, Ukraynaya ABŞ-ın hansısa hərbi birləşmələr göndərəcəyini düşünməyin özü yanlışdır. Onsuz da münaqişənin arxa cəbhəsində NATO və ABŞ Ukraynaya ciddi dəstək verir. İstər komanda qəragah təlimləri olsun, istər NATO hərbçilərinin strateji-taktiki mövzularda Ukrayna hərbçilərinə dəstək olması, bunlar onsuz da bəlli məsələlərdir”.
Bu fonda həmsöhbətimizə görə, Rusiya hərbçilərilə açıq döyüşə girmək üçün ABŞ və NATO-nun Ukraynaya hərbçi və yaxud silahlı qoşun birləşmələri göndərəcəyini düşünməyin özü absurddur:
“Qərb söz versə də belə, heç risk edib, Kiyevin NATO üzvlüyünü təmin etmir. O ki qaldı, Rusiya ilə açıq qarşıdurmaya getsin. Sözsüz ki, müharibənin aktiv döyüş fazasının davam etməməsi Rusiyanın maraqları sırasındadır. Çünki Moskva başa düşür ki, Ukraynada aktiv döyüş fazasının davam etməsi həm hərbi, insan kapitalı, həm də iqtisadi baxımından Rusiya üçün də ciddi itkilərə səbəb olur. Bu baxımdan fikrimcə, Rusiya və elə Qərbin özü də düşünür ki, Ukrayna məsələsi indiki vəziyyətində donub qalsın”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:40 / 18.05.2024
Ukrayna ilə bağlı YENİ PLAN AKTİVLƏŞDİRİLİR – “Münaqişə dondurulur, sonra isə...”
Hazırda oxunan: Ukrayna ilə bağlı YENİ PLAN AKTİVLƏŞDİRİLİR – “Münaqişə dondurulur, sonra isə...”
Hazırda oxunan: Ukrayna ilə bağlı YENİ PLAN AKTİVLƏŞDİRİLİR – “Münaqişə dondurulur, sonra isə...”
192588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.