Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – “Portal bu tarixdə istifadəyə veriləcək” – RƏSMİ 

Hazırda oxunan: Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – “Portal bu tarixdə istifadəyə veriləcək” – RƏSMİ 

192216

“Kommunikasiya xəttlərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında və dəmir yolu xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır:

“Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək. 

Daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərinin sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək. 

Buna qədərsə vətəndaşlar bu və digər hallarla rastlaşanda qəzetdə elan verməli, DİN-ə müraciət etməli olurdular. Bu da əlavə vaxt və pul itkisi deməkdir. Artıq bundan sonra bu sənədlər Elektron Hökümət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq.

Yeni layihə sosial yönümlüdür. Bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq. Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində bu həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl  olmayan bütün sənədsiz evlərə sənəd veriləcək”. 

“Daşınmaz əmlakın elektron reyestri və kadastrı informasiya sistemi yaradılıb”. 

Qurumdan bildirilib ki, bu ölkə başçısının müvafiq Fərmanının icrası məqsədi ilə edilib:

“Bu sistem qeydiyyat və kadastr sahəsində məzmunca və mahiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu günə qədər vətəndaşlar və şirkətlər hansısa dövlət orqanlarından sənədlər alırdılar. Sonra da həmin sənədin kağız versiyasını hansısa qeydiyyat orqanına təqdim edirdilər və öz mülkiyyət hüquqlarının tanınmasını xahiş edirdilər. Bundan sonra isə qanunvericilklə müəyyən edilmiş müddətdən sonra sənədlərini əldə edirdilər.

Artıq bu proseslər aradan qalxacaq. Bundan sonra bütün dövlət orqanlarının verdiyi sənədlər birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya ediləcək. Bu da vətəndaşları əlavə qayğılardan azad edəcək. Ən əsası vətəndaşlar bundan sonra hanısa qurumun aldanışına tuş gəlməyəcək. Aldığı ev və yaxud mənzil birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq. 

Ən əsası vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Burdakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək”.

Əmlak Məsələləri Dövlət Xidmətindən o da bildirildi ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar o cümlədən bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq:

“Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi Mənzil Tikinti Kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən mənzilin ilkin sahibindən külli miqdarda pul alır. 

Amma yeni sistem işə düşdükdən sonra bu problem də aradan qalxacaq. Belə ki, tikintisinə icazə alındığı andan çoxmənzilli yaşayış binasının portalda xüsusi imitasiyası yaradılacaq və bütün binalardakı satış və digər əməliyyatlar portal üzərindən reallaşdırılacaq”. 

Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin