Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsindən də yan keçməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, may ayının ilk günlərindən başlayan yağışlı hava şəraiti ötən və bü gün də davam etməkdədir.
Şəki Regional Hidrometereologiya Müəssisəsindən verilən məlumata əsasən bu müddətdə bölgəyə düşən yağantı aylıq normadan 1.5 dəfə artıqdır.
Verilən məlumatlara görə, Böyük Qafqazın zirvələrinə qar yağıb. Təəssüf ki, hava buludlu olduğundan həmin mənzərələri hələlik seyr etmək mümkün deyil. Bölgənin dağətəyi ərazilərində isə yağıntılı hava şəraiti müşahidə olunur. Bu səbəbdən dağlarda havanın temperaturu 5-7, dağətəyi ərazilərdə isə 8-11 dərəcə arasında dəyişir. Arana endikcə burada qismən sakit və mülayim hava şəraiti hökm sürür və 13-15 dərəcə arasında dəyişir.
Lakin bütün hallarda hava şəraitinin bu formada davam etməsi əkin-biçin işlərinin aparılmasını, bostan-tərəvəzlə məşğul olanların işini çətinləşdirir.
Hidrometereoloqlar növbəti günün də bölgədə qeyri-sabit yağıntılı keçəcəyini bildirir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu