Ermənistanda daxili siyasi gərginlik getdikcə daha kəskin xarakter almağa başlayıb. Arxiyepiskop Baqrat Qalstanyanın Tavuş bölgəsində Paşinyana qarşı başladığı etirazlar artıq paytaxta çatıb. Artıq onun rəhbərliyilə aksiyalar İrəvan küçələrini bürüyür.
"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika Meydanında keçirilən mitinqdə bildirib ki, müxalifət baş nazir Nikol Paşinyanın istefa tələbinə cavab verməməsindən sonra parlamentdə onun impiçmenti proseduruna başlayır.
"Biz parlamentdə impiçment proseduruna başlayırıq, bu barədə hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacağıq".
Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılıq əldə olunduqdan sonra başlayıb.
Mayın 4-də isə arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana doğru yürüş başlayıb.
Bir sözlə, Ermənistan növbəti dəfə xaos girdabına daxil olur.
Görəsən Ermənistanda başlanan xaos nə ilə nəticələnəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov Ermənistanda yaşanan xaosun ciddi xarakter almasını istisna etməsə də, Paşinyanın onun kökünü kəsməyə qadir olduğunu düşünür:
“Ermənistanda daxili vəziyyətin gərginləşməsi İrəvanla Bakı arasında sülhün bağlanmasını istəməyən xarici dairələrin fəallaşmağa başladığının göstəricisidir. Ermənistandakı aksiyaların önündə görünən keşiş Baqrat Qalstanyan daha əvvəl ictimai siyasi fəaliyyətilə seçilən şəxs olmayıb. Bu adamın həmçinin yepiskop kimi ölkənin dini camiyyəsində də o qədər yüksək nüfuzu olmayıb. Amma birdən birə görürük ki, bu adam Tavuş bölgəsində ortaya çıxaraq Azərbaycanla sülh imkanlarının yaradılması əleyhinə addımlar atır”.
Ekspert deyir ki, prosesdə maraqlı tendensiyalar müşahidə edilir:
“Ermənistanı sülhə məcbur edən Azərbaycandır. Bakının İrəvanı sülhə məcbur etməsi də beynəlxalq hüquq əsasında baş verib. Digər tərəfdən, Azərbaycanın regionda qalib tərəf olaraq diktə etdiyi şərtlər İrəvanı sülhlə bağlı addımlar atmağa məcbur edir. Bütün bunların fonunda gələcəkdə Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı maşa kimi istifadə etmək elementlərinin zəifləyəcəyini düşünən bəlli güc mərkəzləri və xarici dairələr Ermənistanı daha çox qızışdırmaqla məşğuldurlar. Bugünkü xaosun arxasında da məhz Ermənistanı Azərbaycan və Türkiyə əleyhinə təhrik edən qüvvələr dayanır”.
Həmsöhbətimiz düşünür ki, Paşinyan hakimiyyəti də başlanan aksiyalardan yararlanmağa çalışır:
“Onlar beynəlxalq aləmdə İrəvanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına qarşı guya Ermənistan cəmiyyətində ciddi etirazların olduğu fonunu yaratmağa çalışırlar. Ermənistanda ictimai-siyasi sabitlik kövrək olduğundan başlanan xaos daha da ciddiləşə bilər. Lakin Paşinyanın əlindəki vasitələrdən istifadə edərək, yaxın zamanlarda etiraz aksiyalarının kökünü kəsəcəyini düşünürəm”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
13:00 / 11.05.2024
Əlbir olub kilsə Köçəryan ilə... – Paşinyanı “ovlaya” biləcəklər?
Hazırda oxunan: Əlbir olub kilsə Köçəryan ilə... – Paşinyanı “ovlaya” biləcəklər?
Hazırda oxunan: Əlbir olub kilsə Köçəryan ilə... – Paşinyanı “ovlaya” biləcəklər?
Ermənistanda daxili siyasi gərginliklər artarkən, Baqrat Qalstanyanın liderliyi altında başlayan etirazlarda impiçment proseduruna keçid olunur. Paşinyanın hakimiyyəti xaosdan yararlanmağa çalışır və beynəlxalq münasibətlər də təzyiq edir.
191441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.