Heyvanlarla bağlı YENİ LAYİHƏ – Onlara zülm edənlər necə CƏZALANDIRILACAQ?

Hazırda oxunan: Heyvanlarla bağlı YENİ LAYİHƏ – Onlara zülm edənlər necə CƏZALANDIRILACAQ?

191398

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanıb.
Qanun layihəsi heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədi daşıyır.

Məlumata görə, yeni qaydalarda heyvanlarla rəhmsiz davranışa görə cərimələrin artırılması təsbit edilib.

Bir sözlə, bu layihə heyvanlara amansız davrananları, onlara şiddət göstərərək şikəst edən və ya tələf olmasına səbəb olanları qanun qarşısında qoyacaq.

Bəs Azərbaycan qanunvericiliyində heyvan haqları ilə bağlı hansı maddələr var? Bu yeni layihə nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, qanunvericilikdə heyvanların saxlanması qaydalarını pozanlar müəyyən məbləğdə cərimə olunurlar:

“İnsanlar arasında, insanın təbiətlə, ətraf mühitlə arasındakı münasibətlərin hüquqi əsaslarla tənzimlənməsinin tərəfdarıyam. Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli qərarı var. O qərarla Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması qaydaları təsdiq olunub. Yəni bu artıq normativ sənəddir. 

Bu qaydalarda insanlar tərəfindən heyvanların hansı qaydada saxlanması tənzimlənir. Həmin qaydaların pozuntusu məsuliyyət yaradır. Qaydaların pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 290-cı “Ev heyvanlarının saxlanması qaydalarının pozulması” maddəsində məsuliyyət nəzərdə tutulur. Qayda pozularsa və ağırlaşdırıcı hal, xəsarət olmadıqda qaydanı pozan şəxs 200 manat məbləğində cərimə olunur. Əgər bu, il ərzində təkrarlanırsa və sahibin laqeydliyi üzündən kiməsə zərər vurulursa, bu cərimə 800-ə qədər qaldırıla bilər”.

Hüquqşünas bildirib ki, xarici ölkələrdə ev heyvanlarının saxlanması qaydaları daha dəqiq hazırlanıb:

“Bir çox xarici ölkələrdə, məsələn, hər bir itin saxlanması üçün konkret olaraq saxlanma şəraiti, saxlanma yerinin sahəsinin ölçüsü normativ sənədlərdə göstərilir. Yəni bu qaydalar daha dəqiq və detallı yazılıb. Bizdə it, pişiyin evdə saxlanması son illər çoxalıb, xarici ölkələrdə isə çoxdan belə olub. Ona görə orada daha həssas yanaşırlar. Son illər bizdə də ev heyvanlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülməyə başlanılıb. Buna nəzarət gücləndirilib”.

O hesab edir ki, gələcəkdə heyvanlara qarşı qəddar davrananları daha ağır cərimələr gözləyə bilər:

“Sovet dövründə küçədə sahibsiz itlərin öldürülməsi rəsmi formada aparılırdı. Amma indi dəyərlər dəyişib, hüquqlar təkcə insanlara deyil, həmçinin, heyvanlara da aiddir. Onların müdafiəsi qanunvericilik səviyyəsində aparılır. 

Bu, yaxşı haldır. Çünki heyvanla qəddar rəftar eləyən sabah eyni rəftarı insana da göstərəcək. Bu, həyati təcrübədə həmişə olub. Ona görə də insanlarda ətarf mühitə, heyvanlara sevgi yaratmaq lazımdır. Bunun da bir yolu evdə ev heyvanlarının lazımi qaydada saxlanmasıdır. Gənc nəsil çox ciddi tərbiyə almalı, nümunə götürülməlidirlər.

Bizdə də sahibsiz itlərin saxlanması yerləri, sığınacaqlar, məntəqələr var. İnzibati Xətalar Məcəlləsində heyvanlara qəddar davranış üçün məsuliyyət nəzərdə tutulub, bu şəxslər 500 manata qədər cərimə oluna bilərlər.
Sosial şəbəkələrdə rast gəlirik ki, itin ayağını sındırırlar, döyürlər, üzərlərinə benzin töküb yandırırlar. İnsanlarda bəzi hadisələr heyvanlara, sahibsiz itlərə qarşı kin yaradır. Çünki onlar tərəfindən insanlara, uşaqlara hücum olur. Amma bunun qarşısını almaq üçün qurumlar var. Küçələrdə yaşayan sahibsiz itləri öldürməklə deyil, sivil yollarla, onları sığınacaqlara yerləşdirməklə qarşısını almaq olar. İnsanlar da bunu tələb edir. 

Ona görə də qanuncvericilik heyvanalara qarşı amansız rəftara görə məsuliyyəti getdikcə artırır. Ola bilsin ki, bizdə də nə vaxtsa Cinayət Məcəlləsində bu öz əksini tapsın. Hələki yoxdur, amma xarici ölkələrin çoxunda var, bu da orada heyvanların bir ailə üzvü sayılmasına bağlıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin