ABŞ-da lobbiçiliyin İÇ ÜZÜ – Demokratlara halal olan, Respublikaçılar üçün CİNAYƏTDİR...

Hazırda oxunan: ABŞ-da lobbiçiliyin İÇ ÜZÜ – Demokratlara halal olan, Respublikaçılar üçün CİNAYƏTDİR...

190917

Bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar və həyat yoldaşı İmelda Azərbaycan hökumətinə və Meksikada qərargahlaşan banka xeyir vermək niyyəti ilə iki müxtəlif sxem üzrə rüşvət almaqda ittiham olunması ilə bağlı xəbərlər tirajlandı. Maraqlıdır ki, bu xəbərlərə Ağ Evə yaxın mətbu orqanları böyük həvəslə yer ayırmışdı. 

Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bu kampaniya xüsusi məqsədlə təşkil edilib. Hədəfsə Azərbaycan yox, sabiq prezident Donald Trampdır. Sən demə Henri Kuellar Donald Trampa yaxınlığı ilə seçilirmiş. Üstəlik, o Respublikaçılar partiyasının aparıcı simalarından biridir. 

Bu bir seçki texnologiyasıdır

Məlumdur ki, bu payız ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə isə Demokratların əsas namizədi Co Baydenə qarşı əsas fiqur sabiq prezident Donald Trampdır.

Trampınsa budəfəki seçkilərdə qələbə qazanmaq şansı xeyli yüksəkdir. Ona görə də demokratlar Trampın qələbəsini əngəlləmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Həmin vasitələrdən biri də Trampa yaxınlığı ilə seçilən adamları hədəfə almaqdır. Təsadüfi deyil ki, Henri Kuellar və həyat yoldaşı İmeldanın rüşvət alma ittihamından 3 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də heç bir xəbər yoxdur. Bu səssizlik də sübut edir ki, Henri Kuellara qarşı aparılan çirkin kampaniyanın əsas hədəfi Trampdır. 

Nəzərə alaq ki, bu Tramp və onun komandasına qarşı təşkil edilmiş ilk kampaniya deyil. Buna qədər çox sayda belə hallar olub. Məsələn, ABŞ-ın keçmiş prezidenti Donald Trampın andiçmə komitəsinin sədri Tom Barrak bir müddət əvvəl həbs edildi. Daha sonra isə girov müqabilində həbsdən azad olundu. 74 yaşlı Tom Barrak BƏƏ hökumətinə işləməkdə ittiham olunurdu.

ABŞ senatoru, Respublikaçılar Partiyasının üzvü Rand Paulun adı da bir müddət əvvəl korrupsiyada hallanmışdı. Göründüyü kimi ABŞ-da kimi sıradan çıxarmaq lazımdırsa, o zaman həmin şəxsi korrupsiya bataqlığına “atırlar”. 

Bax, Henri Kuellar da belə bir çirkin siyasətin qurbanı olub.

Yada salaq ki, son zamanlar Donald Trampın özünə qarşı da çirkin kampaniyalar təşkil olunur. Məsələn, bir müddət əvvəl aktrisa Stormi Danielsə (əsl adı Stefani Kliffords) susqunluq pulunun ödənilməsi ilə bağlı Donald Trampa qarşı cinayət işi açılmışdı. İddiaya görə, sabiq prezident vəkil Maykl Koen vasitəsilə Stormi Danielsə  susmağı müqabilində 130 min dollar ödəyib. Hətta o zaman ABŞ qəzetləri yazmışdı ki, Tramp tarixə həbs olunan ilk sabiq prezident kimi düşəcək.

Amma istintaq heç bir sübut əldə edə bilmədi və məsələ qapadıldı. 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olan Trampsa o zaman bildirmişdi:

"Trampın axırına çıxmaq fikrində olan demokratlar yalan danışır, fırıldaqçılıq və oğurluq edirdilər. Lakin indi ağlasığmaz bir iş gördülər - seçkiqabağı kampaniyaya həyasızcasına müdaxilə edərək tamamilə günahsız bir insanı ittiham etdilər".

ABŞ-da lobbiçilik qadağan deyil.

Amerika qanunvericiliyi kiminsə kimlərəsə lobbiçilik etməsini qadağan eləmir. Məhz buna görə də ABŞ Konqresində yəhudilərin, polyakların, ermənilərin, yunanların və başqaların kifayət qədər “dostları” var. Bu mənada Konqresdə erməni “dostları” daha çoxdur. Məsələn, erməni ətəyində çörək yeyən kifayət qədər konqresmenin adını çəkə bilərik. Onların sırasına Braunbek, Adam Şiff, Frenk Pallone, Mark Kirk, Bred Şerman, Dina Titus, us Bilirakis və digərləri daxildir. 

Xatırladaq ki, ötən ay Dina Titus və Qus Bilirakis Konqresə “Azərbaycan sanksiyalarına baxış Aktı” təqdim edib. Amma nədənsə erməni və digər xalqlardan külli miqdarda pul alan konqresmenlər korrupsiya faktına görə ittiham olunmur. Əlbəttə ki, bunlar bir təsadüf deyil.

Amerikanın xüsusi xidmət orqanlarının hər bir məsələdən xəbəri var. Sadəcə, Ağ Evdən gələn göstərişə əsasən lazım gələndə hansısa konqresmenin “korrupsioner” olması üzə çıxır. 

Başqasının gözündə tük axtaran ABŞ öz gözündə niyə tiri görmür?

Məlum olduğu kimi ABŞ son günlər “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə görə Gürcüstanı ciddi şəkildə təhdid edir. Əsas gətirirlər ki, bu qanun layihəsi Gürcüstan vətəndaşlarının hüquq və azadlıqlarını əlindən alacaq.

Təkcə bu fakt göstərir ki, ABŞ istənilən məsələyə ədalətin gözü ilə deyil, öz maraqları prizmasından yanaşır. Belə olmasa idi, rəsmi Vaşinqton ABŞ-da qəbul edilmiş anoloji qanunun Gürcüstanda qüvvəyə minməsinə qarşı çıxmazdı. 
Yaxud da Azərbaycanın qətiyyəti və cəsarətli addımlarına görə ona salam verən konqresmeni rüşvətxorluqda ittiham etməzdi. Yəni, ABŞ-ın “ədalət tərəzisi”nin gözü çoxdan əyilib. Ona görə də artıq okeanın o tayından əsən küləklər heç kimə təsir etmir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin