Qızıl erası BAŞLAYIR – Dolların dominantlığına SON QOYULACAQ?

Hazırda oxunan: Qızıl erası BAŞLAYIR – Dolların dominantlığına SON QOYULACAQ?

190904

Xəbər verdiyimiz kimi martın sonunda qlobal mərkəzi banklar öz ehtiyatlarında qızılın həcmini ümumilikdə 15,7 ton artırıblar. Bunu Ümumdünya Qızıl Şurasının (WGC) ilkin məlumatları sübut edir. Hesabata görə, yazın ilk ayında dünya mərkəzi bankları 40,4 ton qızıl alıb, 24,7 ton satıb.

Qızılın əsas alıcısı Türkiyə olub. Martın sonunda Ankara bu metaldan 14,1 ton alıb. Liderlər həmçinin Hindistan (5,1 ton), Çin (5 ton), Qazaxıstan və Sinqapur (hər biri 4,5 ton), həmçinin Rusiya (3,1 ton) olub. Hazırda qızılın bir unsiyasının qiyməti 2300 dollar civarında dəyişir.
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl yenidən BAHALAŞDI


Nəzərə alaq ki, son bir neçə ildə bir sıra dünya dövlətləri öz ehtiyat səbətlərində qızılın həcmini artırır. Bu da dollarla bağlı müəyyən ajiotaj yaradır. Nəzərə alaq ki, ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb. Bu da ABŞ-ın ÜDM-dən dəfələrlə çoxdur. Təsadüfi deyil ki, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərsizləşəcək.

“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”.

Bundan əvvəlsə Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-ın dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.

Bəs, bəzi dövlətlərin qızıla üz tutması dolları dəyərdən sala bilərmi?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əvvəllər dünyanın əksər ölkələri ehtiyat səbətlərini dollarla saxlamağa üstünlük verirdi:

“Ancaq son zamanlar bir çox ölkələri ehtiyat səbətində qızılın həcmini durmadan artırır. Bəzi ölkələr öz ehtiyatlarını diversifikasiya etmək üçün qızıla üstünlük verir. Bu səbəbdən də qızılın qiyməti durmadan bahalaşır. Son 10 ildə qızılın bahalaşmasını stimullaşdıran da məhz bu amildir. 

Tək bir faktı deyim ki, 2023-cü ilin ilk 3 rübündə dünya ölkələrinin aldığı qızılın həcmi 2022-ci ildə alınan qızıldan 20 faiz çox olub. Ehtiyat səbətini qızılla zənginləşdirən ölkələrdən biri də qardaş Türkiyədir. Bu ölkə təkcə mart ayında yox, son 4-5 ildə qızıl ehtiyatını xeyli artırıb. 

Qızıla üstünlük verən ölkələr arasında Rusiya, Çin, Hindistan və digər böyük dövlətlər də var. Bununla yanaşı əksər Asiya ölkələrə ehtiyat səbətlərində qızılın çəkisini durmadan artırır. Bu siyahını xeyli genişləndirmək olar. Bəzi Şərqi Avropa, Cənubi Amerika və hətta bir sıra Afrika dövlətləri qızıl ehtiyatlarını artırmaqla məşğuldur”. 

Fuad İbrahimov ölkələrin ehtiyat səbətlərinin qızıla çevirməsinin səbəblərindən də danışıb:

“Səbəblərdən biri son zamanlar Rusiyanın dollarla olan valyuta ehtiyatlarının Avropa banklarında dondurulmasıdır. Bu addım bir çox ölkələri Avropa banklarında ehtiyat saxlamaqdan çəkindirir. Bundan başqa qızıla üstünlük verilməsində bəzi populist çıxışların da rolu az deyil. Məsələn, İlon Mask kimi birisinin dollarla bağlı narahatlığını dilə gətirməsi vəziyyətə əsaslı şəkildə təsir edir.

Amma bu cür populist danışan insanlar bir faktı unudur ki, qızılın özü də dollara bağlıdır. Çünki dünyada qızılın unsiyası dollarla müəyyən edilir. Bütün dünya qızılın qiymətini məhz dollarla ifadədə qəbul edir, anlayır. Bu gün dünyada dollar qədər ikinci bir populyar valyuta yoxdur. Üstəlik, dünya ölkələrinin ehtiyat səbətinin əsas hissəsi dollarla saxlanılır. 

Ona görə də heç bir ölkə, hətta Rusiya, Çin və digər ölkələr dolların qəfildən məzənnədən düşməsini istəmir. Bu gün yeni valyutalar, hətta elektron valyutalar da yaranır. Amma bu valyutaların hamısı son nəticədə dollarla ifadə olunur. 
Məsələn deyirlər ki, bir “Bitcoin” filan qədər dollaradır. Bax, bu siyasət, bu fəlsəfə elə formada qurulub ki, yeni yaranan ən uğurlu valyuta belə dolları tam şəkildə əvəz edə bilmir. Nə qədər ki, anoloji valyuta tapılmayıb, bərqərar olmayıb, bir o qədər də dollar dünya iqtisadiyyatında dominantlıq edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin