53 ilini sevdiyi peşəyə həsr edən SAATSAZ: “Düzəldə bilməyəcəyim saat yoxdur” – FOTO 

Hazırda oxunan: 53 ilini sevdiyi peşəyə həsr edən SAATSAZ: “Düzəldə bilməyəcəyim saat yoxdur” – FOTO 

190705

Onun ilk, elə özü demişkən son peşəsi də saatsazlıqdır. Bunu nə az, nə çox - 53 ilin saatsazı olan astaralı Qurbanəli Əliyev bildirib.

Uşaq yaşlarında atasının aldığı saatı qoluna taxmazdan əvvəl onu söküb, işləmə mexanizmi ilə tanış olub.

Bir neçə gün sonra yenə də bu saatı söküb yenidən yığmaq həvəsi ona güc gəlib. Bu həvəs seçəcəyi sənət haqqında qərar verməyə tərəddüd yeri qoymayıb:

“Orta məktəbi bitirməmiş peşə məktəbini seçdim. Bakıda Tədris-İstehsalat Kombinatı var idi. Fotoqraf, dərzi, pinəçi bölmələri üzrə rayondan gələnlər peşəyə yiyələnirdi. Biz saatsaz bölməsində 30 şagird idik. Müəllimimiz erməni Eldar idi, “Edik” deyirdilər. Deyirdi ki, “öyrən, bu sənət həmişə sənə çörək verəcək”.

Peşəyə yiyələnib iki illik əsgərlik həyatını keçdikdən sonra o, doğma Astaraya qayıdır. 

Daha sonra Astara İaşə Kombinatında işləməyə başlayır...  

“İlk düzətdiyim saat “Pobeda” idi. Heç tərəddüd etmədim düzəltməyə, uğurlu da alındı. Saat motoru balacadır, mexanikadır, 5-6 dəfə söküb-yığsan, problemi tapa bilərsən. Gərək saatsaz səbrli olsun, bezməsin. Təkcə bu deyil, üstəlik saatsazda insanlarla danışmaq mədəniyyəti də olmalıdır.”

“Saatsazın əsas istifadə etdiyi alətlər hansılardır?” sualına isə qısaca cavab verir ki, elə iynəsi yaxasında olan dərzi kimi, pinset, vintaçan, lupa oldusa, istənilən saatı təmir edə bilər:

“Bax, bu başımın üzərində divardakı zəngli saat “Yantar”dır, ən azı 50 ilin saatıdır. Bu cür saatlar çox düzəltmişəm. İndi elektron saatlar daha çox istifadə edilir. Əqrəbli saatlar mexanikadır, dəqiqliyi daha çoxdur. Elektron saatlar da zamanın tələbidir. Amma onlar kondisatorla işləyir, hətta batareyasını dəyişəndə də dəqiqliyində pozulma yarana bilər. Məsləhətim budur ki, saatın qayışını da seçəndə kefiyyətli seçsinlər, çünki birbaşa dərimizə təsir edir”

“Elə bir saat olub ki, onu düzəldə bilməmisiniz?” sualımıza isə gülümsəyərək cavab verir:

“Düzəldə bilməyəcəyim saat yoxdur, ehtiyat hissələri tapılmayan saat ola bilər. Əgər ölkədə kimsə hansısa saatı düzəltdirə bilmirsə, gəlib məni tapsınlar. Ola bilər, kiminsə nəsildən-nəsilə keçən xatirə saatı var. Onun üçün dəyəri yüksəkdir, xarabdırsa, gətirsinlər düzəldim.

Mən öz sənətimdən razıyam. Məncə, indi saatsazlığın məktəbi qalmayıb. Əlbəttə, hər bir usta istəyər ki, onun işini davam etdirən şagirdi olsun. Çox istədim oğlum bu sənətə yiyələnsin, bir qədər səbrsiz olduğundan öyrənmək istəmədi, amma indi nəvəmi öyrədirəm. Məktəbdən çıxır, bir-iki saat dükana gəlir, sənətin sirlərini öyrədirəm. Əslində mən 4-cü dərəcəli saatsazam, yəni usta yox, ustad sayılıram”. 

“Özününüzün saatı hansı markadır və saatsazın əsas özünəməxsus keyfiyyəti nədir?” sualına cavab olaraq müsahibimiz bildirir ki, əvvəllər “Luç”, indi “Oriyent” saatlarından istifadə edib:

“Saatsazın saatı, özü, elə dediyi söz də dəqiq olmalıdır.”

“Saatın irəliləyən əqrəbləri həm də ömrümüzün su kimi axıb getməsinin simvoludur. Bir də baxırsan ki, zaman sürətlə ötüb keçir. Məsələn 53 il saatsaz işləmək heç də az deyil”, - fikrimizə Qurbanəli ustanın cavabı ritorik oldu:
“Mən sənətimdən, yaşadığım həyatdan, ailəmdən, hər səhər dükanı açanda salamlaşdığım insanlardan çox razıyam. Hesab edirəm ki, yaşadığın həyat mənalıdırsa, sən heç vaxt zamanın keçdiyinə təəssüf etməyəcəksən.” 




Sabutay, Bizim.Media,Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin