Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqalın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 3-də Füzuli və Şuşa şəhərlərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, qonaqlar əvvəlcə Füzuli şəhərində Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə və Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, dağıdılmış şəhərin qalıqlarına baxıblar.
Sonra Şuşaya gedən malayziyalı parlamentarilər orada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” fotosərgisini ziyarət ediblər.
Daha sonra qonaqlar Şuşada Şəhər Meydanında, Yuxarı Gövhər Ağa məscidində, Cıdır düzündə və İsa bulağında olublar, Şuşanın Qala divarlarını seyr ediblər.
Malayziya parlament nümayəndə heyətini Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvü İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Bizim.Media