İçərisindən taxta parçası çıxan çörəklə bağlı zavod direktorundan AÇIQLAMA: “Qurama işdir” – VİDEO 

Hazırda oxunan: İçərisindən taxta parçası çıxan çörəklə bağlı zavod direktorundan AÇIQLAMA: “Qurama işdir” – VİDEO 

189894

Azərbaycan əhalisi üçün çörək müqəddəsdir. İnsanlar çörək kəsdikləri adama xəyanət etməz, çörəyə and içər və çörəyi halal yolla qazanmağa can atarlar. Yerə düşən çörək qırıntısını götürüb, öpüb gözlərinə qoyarlar. Bir sözlə, çörəyə münasibət fərqlidir.

Ölkədə çörək əsas qida hesab edildiyindən onun bişirilmə texnologiyası, hazırlanma ənənəsinin mövcudluğu hamıya məlumdur. Lakin müxtəlif vaxtlarda sosial şəbəkələrdə çörəyin içərisindən yad cisim, həşərat, taxta qırıntısı, sümük parçası çıxdığına dair yayılan məlumatlar mövcud ənənəyə sadiqliyi şübhə altına salır.

Aprel ayının 30-da evinə çörək alan vətəndaşlardan biri oxşar halla qarşılaşıb. Belə ki, Bakıda müştərinin mağazadan aldığı çörəyin içindən taxta qırıntısı çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO 


Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaş iddia edir ki, həmin ərazidəki “Araz” marketdən aldığı çörək “Binə” çörək zavoduna məxsusdur.

O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Aldığı çörəyin videosunu çəkən müştəri çörəyi istehsal edən “Binə” çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib.

Məsələ ilə bağlı sözügedən zavodla əlaqə saxladıq.

“Binə” çörək zavodunun direktoru Seymur Babayev Bizim.Media-ya deyib ki, belə halın olması qeyri-mümkündür:

“Çörəyin içərisindən taxta parçasının çıxması qurama işdir. Şirkətin adına ziyan vurmaq üçündür. Bizdə unun hamısı ələkdən keçirilir, standartlara uyğun hazırlanır. Çox adam sosial şəbəkədə hər şeyi şişirdərək paylaşım edir. Taxta ilə əlaqəsi olan bir şey yoxdur ki, deyəsən ki, taxta olsun. Unlar hamısı ələkdən keçirilir, taxta parçası onun içərisinə düşə bilməz axı”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Bizim.Media-ya məsələnin nəzarətə götürüldüyünü bildiriblər:

“Bununla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək”.

Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin