Paşinyan özünü nə qədər ruspərəst göstərsə də Sorosun təsiri altındadır – POLİTOLOQ

Hazırda oxunan: Paşinyan özünü nə qədər ruspərəst göstərsə də Sorosun təsiri altındadır – POLİTOLOQ

18892

Hazırda Ermənistanda mövcud olan vəziyyət hər şeyi deyir. Ermənistan hakimiyyətinin atdığı ziddiyyətli addımlar, xalqla olan münasibət açıq-aydın onu göstərir ki, o, yalnız sözdə xalq hakimiyyətidir.

Ermənistan siyasi rəhbərliyi həmişə iddia edir ki, onu xalq seçib və hakimiyyətə gətirib. Amma təəssüflər olsun ki, bu, belə deyil. Paşinyan avtoritar idarəçilik yürüdür və vətəndaşlara təzyiq göstərir, aksiyaları dağıdır və onların təşkilatçılarını həbs etdirir.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Paşinyan hakimiyyəti kənardan idarə olunur və həmin qüvvələrin diktəsi ilə siyasi qərarlar qəbul edir.

Ermənistanın siyasi rəhbərliyinin atdığı addımları da onu göstərir ki, Paşinyan Qərbin təsiri altında regionda vəziyyəti mürəkkəbləşdirmək və gərginliyi davam etdirməkdə maraqlıdır.

İ.Vəlizadənin sözlərinə görə, müxtəlif mənbələr və dəlillər onu göstərir ki, Paşinyanın hakimiyyətə gəlməsinin səbəbləri Soros fondu və bu fonda yaxın olan dairələrdir. Bu qüvvələrin Ermənistanda öz maraqları var.

“Soros fondu Ermənistan vasitəsilə onun qonşularına təsir etməyə çalışır və Cənubi Qafqaz regionunda öz maraqlarını güdür. Bu da Ermənistanın qonşu ölkələri olan Türkiyə və Azərbaycana aiddir. Yəni, Ermənistan Qərbin əlində həmin ölkələrə qarşı alətə çevrilib. Soros fondunun Ermənistan hakimiyyəti ilə əlaqələri bunu deməyə əsas verir”, - deyə politoloq əlavə edib.

O bildirib ki, erməni lobbisi və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti Corc Sorosun maraqları ilə uzlaşır.

Burada məqsəd bu ölkələri sıxışdırmaq və regionda onların nüfuzlarını sarsıtmaqdır. Bu qüvvələrin məkrli planlarını həyata keçirmələri üçün Nikol Paşinyanın hakimiyyətə gəlməsi şərt idi. Qonşu Rusiyaya qarşı da belə münasibət sərgilənməkdədir. İndi Paşinyan özünü nə qədər ruspərəst göstərsə də, əslində, Sorosun və Qərb havadarlarının təsiri altındadır.

Ermənistan destruktiv siyasət yürütməklə regionda gərginlik yaradır və bu da təbii olaraq region ölkələrini ciddi narahat edir. Postmünaqişə və postmüharibə dövründən sonra yeni reallıqlar yarandığı bir vaxtda isə bu, yolverilməzdir.

Politoloq vurğulayıb ki, üçtərəfli Bəyanatın bəndlərinə əsasən, Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur.

Amma Ermənistan bu Bəyanatın bəndlərinə etinasızlıqla yanaşır və onları yerinə yetirmək istəmir. Bu da təbii ki, regiondan uzaqda olan qüvvələrin marağındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin