Avropa İttifaqı (Aİ) Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “X” hesabında yazıb.
“Bu gün Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var. Aİ danışıqlar prosesini və hərtərəfli və davamlı nizamlanma məqsədini tam dəstəkləyir”, - deyə Klaar qeyd edib.
Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Bizim.Media