Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı ilə aprelin 15-də Bakı şəhərində “COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda tələbə elmi konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, elmi konfransın rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev açılış nitqində iştirakçılara günümüzün ən aktual mövzularına həsr edilən konfransın universitetdə keçirilməsinin təsadüfi olmadığını, belə konfransların gənclərin maarifləndirilməsində mühüm rol oynadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış Zəfər fonunda tarixi dövrdə yaşadığımızı, həmçinin COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov nazirlik tərəfindən fövqəladə yönümlü işlərin görülməsindən, gənclərin təhlükəsizliyinin təminatının dövlət siyasətinin prioritet istiqaməti olmasından bəhs edib.
ATGTİ-nin sədri Pərviz Mirələmli bu kimi əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına göstərdiyi müsbət təsirlərdən və bu tipli layihələrin perspektivlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da COP29 kimi əhəmiyyətli tədbirdə yer alır.
Sonra tədbir Bakıda yerləşən 10 ali təhsil müəssisəsini təmsil edən tələbələr tərəfindən “COP tələbləri” başlığı ilə hazırlanmış çıxışlarla davam edib.
Sonda gənclər sertifikatla təltif olunub.
Bizim.Media