Fərhad Məmmədovdan MÜHARİBƏ ANONSU: “ABŞ və Britaniya İrana qarşı savaşa başlaya bilər”

Hazırda oxunan: Fərhad Məmmədovdan MÜHARİBƏ ANONSU: “ABŞ və Britaniya İrana qarşı savaşa başlaya bilər”

186994

İsrailin aprelin 1-də Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. İran İsrailə cavab zərbəsi endirməyə hazırlaşır. Hətta Amerika kəşfiyyatı yaxın 24-48 saat ərzində İranın İsrailə cavab zərbələri endirəcəyini bildirib. 

Bu fonda isə İsrail ölkəsinin müdafiəsini daha da gücləndirib. ABŞ-da bölgəyə əlavə hərbi qüvvələr göndərməkdədir. Aydın məsələdir ki, İranın cavab addımı İsrailin geri çəkilməsi anlamına gəlməyəcək. İsrail də İrana növbəti zərbəni vuracaq. Mövcud vəziyyət isə İranla İsrailin açıq və birbaşa müharibəyə başlamalarına rəvac verə bilər. 

Bu təhlükəli vəziyyətin yaranması fonunda regionu nə gözləyir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, prosesin daha gərgin xarakter alması fonunda ABŞ və Böyük Britaniya da İrana qarşı müharibəyə qoşulacaq: 

“Bu müharibə ilk növbədə tərəflərin bir-birinə havadan raket zərbələri endirməsilə müşayiət olunacaq. Habelə böyük ehtimalla İranın proksi qüvvələri İsrail ərazisinə daxil olmağa da cəhd edəcəklər. Bu da öz növbəsində ABŞ-la Böyük Britaniyanın da İrana qarşı müharibəyə qoşulmasına gətirib çıxaracaq. 

Tehran ona görə İsrailə zərbə vurmaq istədiyini, ancaq bununla belə gələcək eskalasiyada maraqlı olmadığını bəyan edir. Yəni İran cavab vermək istəyindədir, amma müharibənin yayılmasında maraqlı deyil. Düşünmürəm ki, bu real ssenaridir”. 

Regionumuza gəldikdə, ekspertə görə tərəflər bir-birinə qarşı mübarizədə yerləşdiyimiz bölgənin hava məkanından da istifadə edə bilərlər: 

“Əgər ölkələr buna razılıq verməsə, başlanma ehtimalı istisna edilməyən müharibədən kənar qala bilərik. Bu Azərbaycandan xəbərsiz baş verərsə, onda bu və ya digər formada hava məkanımız müharibəyə cəlb olunsa, hər hansı bir tədbirlər görülə bilər. Lakin belə bir gözlənti çox aşağı səviyyədədir”.  

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin