Rusiyanın opera və estrada müğənnisi, “Qolos” (“Səs” yarışması) şousunun iştirakçısı Yevgeni Kunqurov Moskvanın mərkəzində intihar edib.
Bizim.Media xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Xilasedicilər onun cəsədini paytaxtın “Presnenski” rayonundakı evində tapıblar.
Məlum olub ki, axşam saat 7-nin yarısında mərhumun həyat yoldaşı kömək üçün xilasedicilərə müraciət edib, çünki müğənni ona intiharla hədələyən mesaj göndərib.
O, “cəsədimi sabah vannada tapacaqsan” sözlərini yazıb, bundan sonra zənglərə cavab verməyib.
Kunqurovun psixi problemlərin olduğu bildirilib. O, qeydiyyatda olmayıb, özəl klinikalardan birində psixiatr tərəfindən müşahidə olunub.
Qeyd edək ki, Yevgeni Kunqurov Rusiya Federasiyasının, Çeçenistan Respublikasının və İnquşetiyanın “Əməkdar artist”idir. Kalininqrad Musiqili Teatrının daimi solisti və Yeni Opera Teatrının çağırılmış solistidir. Onun iki yaşlı qızı və səkkiz yaşlı oğlu qalıb.
Rəşad Əliyev, Bizim.Media