Paytaxtın taksi parkının yenilənməsi ilə bağlı hökumətin qərarından sonra iş adamları hərəkətə keçib. Artıq taksi xidməti sahəsində innovativ variantlar irəli sürülür. Nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə taksi xidməti sahəsində müxtəlif layihələr həyata keçirilir.
Onlardan biri də “karşerinq” xidmətidir.
MÖVZU İLƏ BAĞLI:
Taksi fəaliyyəti üçün rüsumlar AÇIQLANDI
Bu günlərdə sosial şəbəkələrdə “karşerinq” xidməti üçün Bakıya xeyli sayda avtomobilin gətirilməsi barədə məlumat da yayılmışdı.
Qeyd edək ki, “karşerinq” tam yeni və fərqli xidmət növüdür. Xidmətin də mahiyyəti ondan ibarətdir ki, bir və yaxud bir neçə şirkət ya da fiziki şəxs xeyli sayda avtomobil gətirib, paytaxtın müxtəlif ünvanlarındakı taksi dayanacaqlarında yerləşdirir. Həmin ərazidə yaşayan və yaxud işləyən vətəndaş da yaxınlıqdakı taksi dayanacağına gedib avtomobili sifariş edir.
Amma bu prosesdə taksi sürücüsü olmur. “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürür, A nöqtəsindən B nöqtəsinə gedir. Yəni avtomobili sifarişçi özü idarə edir. Ödənişsə nağdsız və hər dəqiqəyə görə həyata keçirilir.
Bu xidmət bir sıra Avropa şəhərlərində və hətta Moskvada var. Yəni meqapolislərdə bu xidmət tətbiq edilir və çox yaxşı da effekt verir. Lakin bu layihənin tətbiqi üçün müəyyən qaydalar var ki, onun da üzərində müvafiq orqanlar işləməlidir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən Bizim.Media-ya bildirilib ki, bu, yeni xidmət növüdür:
“Hazırda AYNA tərəfindən kompleks araşdırma aparılır”.
Surxay Atakişiyev, Bizim.Media