Hələbdən gələn "Ceyran", həkim arzusunu təbiətə dəyişən, sosial şəbəkələrdən uzaq olan qadın - FOTO/VİDEO

Hazırda oxunan: Hələbdən gələn "Ceyran", həkim arzusunu təbiətə dəyişən, sosial şəbəkələrdən uzaq olan qadın - FOTO/VİDEO

186047

10 uşaqlı ailənin övladı olan Səadət Həsənova  cəmi 3 sinif təhsil alıb.  Özünün dediyinə görə anası onun həkim olmasını istəyirmiş. Oxuduğu hər 3 sinifi əla qiymətlərə bitirib, amma... Biləsuvarın Səmədabad kənd ərazisində məskunlaşmış ailənin əsas fəaliyyəti maldarlıq olub. Ailədə oğlan uşaqları olsa da təbiiliyə, ev heyvanlrına sevgi məhz balaca Səadətdə daha çox olub. Səadətin heyvanlara səmimiyyətini, qayğısını görən  atası təcürbəli təsərrüfatçı kimi uşaqlıqdan  bütün bildiklərini də ona öyrədib. Boya-başa çatdıqdan sonra qadın, taleyinin müəyyən qırılma nöqtəsində yenidən məhz təsərrüfat həyatına, özü demişkən təbiətin səmimiliyinə qayıtmaq fikirinə düşür. 3 övladı olan qadın məhz vaxtı ilə qazandığı praktik biliklər sayəsində   son illərdə  ev təsərrüfatında çətin saxlanıla bilən keçilərin artırılmasına qərar verib və uğura da nail olub.  Çoxlarının qadın işi kimi baxmadığı, çətinliyindən bezdiyi bu iş onun üçün həyatının mənasına çevrilib. Hazırda 50-dən çox keçinin artırıldığı təsərrüfatında bu heyvanların özünəməxsusluğu olduğunu bildiir.


"Tarik", "Ceyran"..

 Qəribədir ki, o,  hər keçiyə də ad verib və hər birini də adbaad tanıyır. Deyir ki, məsələn bu qara yunlu keçi "Tarikdir", onun yanındakı  "Ceyran"dır, Hələb cinsinə aiddir. Keçilər də bu adları qəbul ediblər. Çağıran kimi yaxınlığına qaçırlar. 

Səadət xanımın sözlərinə görə təkələrinin hündürlüyü 1 metr, çəkisi 130 kiloqramdır. Dişiləri 85-95 kq ağırlığında, hündürlüyü 75 sm, yeni doğulan balaların çəkisi 5 kq təşkil edir. 

Əlverişsiz iqlim şərtlərinə dözümlü, istənilən şəraitə tez uyğunlaşan, sürü halında idarəolunması asandır. Ət, süd, yun məhsuldarlığı heyvandarlar tərəfindən qənaətbəxş hesab olunur. Təcrübəli təsərrüfatçı deyir ki, 1 baş keçi günə  2 kq yem yeyir, günün yarı  hissəsi otarılarsa, xərclər dəfələrlə aşağı düşür. Bu cins üçün  hərəkət çox vacibdir. Çöldə çox yaxşı qidalanır, heyvandarın xərclərini azaldır. Eyni zamanda, hərəkət heyvanda immuniteti gücləndirir. 


"Keçi hər otu yemir ha..."

Müsahibimiz bildirir ki, keçi çox hissiyatlıdır, hər otu yemir, seçib ən şirin otlarla qidalanır.  

Günlərin bir günü isə   xanım təsərrüfatçı  yerli keçi sortları ilə bərabər ərəb sortlu heyvanların çoxalmasına qərar verir. Xüsusilə Hələb  cinsi keçilərin  iqtisadi baxımdan səmərəliliyi onun diqqətini cəlb edir. Bu keçilər əksər hallarda əkiz, üçüz və dördüz bala verir ki, bu da təsərrüfatda gəlirləri sürətlə artırmağa imkan verir. Çəpişlər doğulandan bir neçə saat sonra yeni şəraitə uyğunlaşır. Onun dərisi əlçək, çanta, ayaqqabı istehsalında, yunu isə toxuculuqda geniş istifadə olunur. Ondan tanımadığı adamların belə  keçi südünü xahiş edənlər də az olmayıb. Çünki keçilərin südü tərkibinə görə ana südünə yaxındır, kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Bəzən  erkən ana ölümündən sonra uşağın südə olan ehtiyacı üçün tanımadığı adamlar belə onu axtarıb tapırlar. Təmannasız, uzun vaxtlar həmin uşağın ehtiyacı üçün keçi südünü tədarük edir. Deyir ki, çox təssüf indi keçinin yununu yalnız yanacaq kimi istifadə edirlər. Amma bu yundan hansısa məhsul istehsal edən müəssisə olsa ora təhvil verərdi.  


"Sosial şəbəkələrdən uzağam, amma..."

Səadət xanım təsərrüfatında gündəlik işləri özü görür. Bir vaxtlar "qız hara, heyvandarlıq hara” deyənlərin əksinə olaraq uğur qazandığı işinə səhəri ilk çəpiş mələməsi ilə  açıb gecəni təbiətin hakim olduğu məkanda daha tez yuxuya dalır. Dədə-babadan baytarlığın sirrini də bilir, heyvanların doğum prossesini də ziyansız ötüşdürməyi bacarır. "Sosial şəbəkələrdən uzağam" deyən Səadət xanım  əlavə edir ki, təbiətin sakitliyi, heyvanların səmimiliyi  mənim həyat harmoniyama daha çox yaxındır:

"Təbii, cəmiyyətdən kifayət qədər uzaqda bir işlə məşğul olmaq qadınlarımız üçün çətin gələ bilər. Mənim də hansısa məqamda kədərli vaxtım olur, çölün uzaqlığına baxıb düşünürəm. İnanmazsınız, heyvanlar o dəqiqə bunu hiss edib, yanıma qaçırlar, ayağıma toxunurlar, əlimə toxunurlar, ayağa qalxmağa məcbur edirlər ki, fikrim dağılsın. Yəqin ki, öz dillərində dayanma, kədərlənmə, həyat davam edir deyirlər...
 












Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin