Qərbin Cənubi Qafqazda XAOS PLANI – “Təhlükəsizlik” paktının ƏSL MAHİYYƏTİ

Hazırda oxunan: Qərbin Cənubi Qafqazda XAOS PLANI – “Təhlükəsizlik” paktının ƏSL MAHİYYƏTİ

184722

44 günlük müharibənin bitməsindən 3 il yarım zaman keçsə də ABŞ və Aİ Azərbaycanın zəfəri ilə hələ də barışmır. Səbəb isə odur ki, Cənubi Qafqazda müharibə ocağının söndürülməsində və ədalətin bərqərar olmasında Qərbin zərrə qədər iştirakı olmadı. 

Bu isə Qərbin strateji maraqlarına və “prinsipləri”nə qətiyyən uyğun deyildi. Çünki son 30 ildə Qərb özünü dünyaya sülhün təminatçısı və ədalətin bərpaçısı kimi təqdim etməyə çalışıb. Bəzi hallarda da buna nail olub. Yəni heç bir münaqişə ocağı Qərbin “müdaxiləsi” olmadan söndürülməyib, münaqişə sona çatmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin növbəti QURBANI - “Təhlükəsizlik” paktı Ermənistanı UÇURUMA SÜRÜKLƏYİR


Azərbaycan Qərbin yaratdığı mifi dağıtdı

44 günlük müharibədə və ondan sonrakı müddətdə Azərbaycan Qərblə məsafəli davrandı. Çünki Qərb heç zaman Azərbaycana qarşı səmimi olmayıb. Ona görə də Ermənistanla 10 noyabr anlaşmasında, həm də ki, ondan sonrakı müddətdə Azərbaycan qətiyyət nümayiş etdirdi, Qərbin və digər güclərin korporativ maraqlarını nəzərə almayaraq, ərazi bütövlüyünə və suveren hüquqlarına sahib oldu. 

Üstəlik, Qərbin müxtəlif bəhanələrlə proseslərə qoşulmaq cəhdlərinə də Azərbaycan “yox” dedi. Məsələn, Qərb istəyirdi ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə bufer zona yaradılsın və bu ərazilərə NATO ölkələrinin “sülhməramlı”ları yerləşdirilsin. Bu təklif keçməyəndə ABŞ və Aİ yeni bir təklif irəli sürdü. Bu dəfəki təklif ondan ibarət oldu ki, Azərbaycana və Ermənistana Aİ-nin “mülki missiyası” gəlsin.

2 ay müddətində bu missiya iki ölkə arasında baş verə biləcək təxribatları izləsin və onun “qarşısını alsın”.

Azərbaycan bu təklifə də “yox”,  Ermənistansa “hə” dedi. Amma nə təsadüfdürsə 2 aylığa Ermənistana gələn “mülki missiya” 2 ilə yaxındır ki, sərhədlərdə “müşahidələr” aparır. Heç getmək fikirləri də yoxdur. Əksinə “müşahidəçilər”in sayı günbəgün artır. 

Bir sözlə, son 3 ildə Azərbaycanın qətiyyətini sındırmaq üçün Qərb bütün çirkinliklərə əl atdı. Azərbaycan Prezidenti İlham Əliyevə qarşı məkrli kampaniyadan tutmuş, ölkəmizə qarşı “humanitar fəlakət” oyununa qədər müxtəlif tədbirlərə əl atıldı. Lakin bütün çirkin kampaniyalar da faydasız qaldı. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal anti-terror tədbirləri həyata keçirdi. Bununla da Ermənistanın və xarici ölkələrin Qarabağdakı bütün hərbi və siyasi dayaqları məhv edildi. 

Bu isə Qərb üçün artıq bir fəlakət idi.

Çünki Azərbaycan öz qətiyyəti və haqlı mübarizəsi ilə təkcə ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmədi, həm də Qərbin əsl simasını sivilizasiyaya göstərdi. Azərbaycan sübut etdi ki, Qərbin istənilən məsələyə yanaşması şəxsi maraqlarla bağlıdır. 

Qərb heç bir bölgədə, heç bir ölkədə sülhün, sabitliyin və rifahın olmasını istəmir. Əksinə Qərb öz istəklərini diqtə etmək üçün digər ölkələrin zəif və asılı olmasını istəyir. Ərəb xalqlarını “despot rəhbərlərdən xilas etmək istəyən” Qərbin Yaxın Şərqdə yaratdığı dəhşətli mənzərə bu gün ABŞ və Aİ-nin əsl simasını göstərir. Hələ cəhənnəmə çevrilən Ukraynanı demirik…

Qərb hansı ərəbə bahar gətirdi? Qərb hansı ukraynalını xoşbəxt elədi? Bu gün Liviya, Misir, Tunis, Suriya, İraq və ən nəhayət Ukrayna ABŞ və Aİ ölkələri tərəfindən dəhşətli şəkildə istismar edilir. Yəni son 30 ildə nə ABŞ, nə də Aİ heç bir dövlətə və xalqa firavanlıq, sülh gətirməyib. 

Qərb ancaq bədbəxtlik gətirir 

Çox təəssüf ki, Ermənistanın siyasi hakimiyyəti və erməni cəmiyyəti bu reallığı görmür. Axı, Qərb Ermənistana yaxşı nə verə bilər ki?! Heç bu ölkənin Avropaya normal çıxışı da yoxdur.

Avropaya çıxış üçün Ermənistan Türkiyə və Azərbaycanla normal münasibət qurmalıdır. Amma nə təsadüfdürsə Qərb Ermənistanı məhz bu dövlətlərə qarşı müharibəyə təşviq edir. Kreslo hərisi olan baş nazir Nikol Paşinyan da öz korporativ maraqları üçün Qərbin boyunduruğunu qəbul edib. 

Qərb Cənubi Qafqaza sülh və əmin-əmanlıq gətirmək üçün deyil, Qərb əzəli rəqibi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq üçün gəlir. Hazırda Ermənistan faktiki olaraq Rusiyanın anklavıdır. Ölkə iqtisadiyyatı rusların əlindədir. Ermənistanın sərhədlərini rus hərbçiləri qoruyur.

Amma Azərbaycanda mənzərə tamamilə fərqlidir. Azərbaycan Rusiya ilə bərabər hüquqlu tərəfdaşdır. Ona görə də Qərb Ermənistan gəlməklə Rusiyanı sıxışdırıb bölgədən çıxartmaq istəyir. Bu proses isə heç də ağrısız-acısız olmayacaq. 
Bundan əlavə, Qərb Ermənistan ərazisindən Rusiya və İrana cəbhə açmaq istəyir. Bu cəbhə isə ilk növbədə Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoyur. Ona görə də Qərbin Cənubi Qafqaza gəlişi bölgə ölkələrinə ancaq münaqişə, müharibə və xaos vəd edir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin