"Crocus City Hall" hücumun qeyri-ruslar tərəfindən törədildiyi üzə çıxdıqdan sonra Rusiyada əmək miqrantlarına münasibət dəyişəcək.Təsadüfi deyil ki, Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iki gün öncə qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Təşəbbüs də ondan ibarətdir ki, Rusiyadakı əmək miqrantlarına qarşı qanunvericiliyin tələbləri xeyli sərtləşdiriləcək. Məsələn, miqrantlarla əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırıla bilər. Lakin hazırkı qaydalara görə, Rusiyada miqrantlarla əmək müqavilələri müddətsiz bağlana bilər. Bundan başqa, məşğulluqla bağlı tələblər də sərtləşdirilir.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada polis bütün miqrantların sənədlərini YOXLAYIR
Bəs, terror hadisəsi və yeni qanunvericilik təşəbbüsü Rusiyada işləyən soydaşlarımıza necə təsir edəcək?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, miqrantlara qarşı tələblər sərtləşdiriləcəksə, təbii ki, bu Rusiyadakı soydaşlarımıza da müəyyən qədər təsir edəcək:
“Amma mən hesab edirəm ki, son terror aktı Rusiyada milli münaqişənin alovlandırılması üçün atılmış bir addımdır. Yəqin ki, bu hadisədən sonra Rusiyanın bütün ərazilərində miqrantlara qarşı münasibət dəyişəcək. Amma Rusiya hökuməti də şovinist düşüncə ilə miqrantlara yanaşsa, onda Rusiya dövləti bundan çox böyük zərər görəcək.
Əslində maraqlı qüvvələrin də istədiyi budur ki, rusları başqa xalqlara qarşı təhrik etsinlər. Məhz elə buna görə də terrorun törədiciləri qeyri-rus və qeyri-slavyanlardan seçilib”.
Akif Nəsirli Rusiya ƏƏSMN-nin son qanunvericilik təşəbbüsünə də münasibət bildirib:
“Onu deyə bilərəm ki, Rusiya hökuməti yenidən miqrantları süzgəcdən keçirmək istəyir. Amma bu cür təşəbbüslər Rusiyanın əmək bazarına ciddi ziyan vuracaq. Çünki Rusiyaya gələn əmək miqrantları əsasən “qara işlər”də çalışır. Əgər qanun sərtləşsə, onda bu ölkədə işçi çatışmazlığı baş qaldıracaq. Baxmayaraq ki, Rusiya onsuz da xarici işçi qüvvəsinə möhtacdır.
Üstəlik, qaydalar bir qədər də sərtləşsə təbii ki, Rusiya iqtisadiyyatı ciddi ziyan görəcək. Ona görə də son qanunvericilik təşəbbüsünün axıra qədər icra olunacağına şübhə edirəm. Amma bütün hallarda miqrantlara qarşı tətbiq edilən istənilən sərt qayda azərbaycanlılara da təsirsiz ötüşməyəcək. Ola bilsin ki, qanunvericilikdə istisnalar da olsun. Məsələn, Azərbaycanla Rusiya arasında strateji tərəfdalıq müqaviləsi imzalanıb. Bu müqavilədən çıxış edərək azərbaycanlı əmək miqrantlarına müəyyən güzəştlər də edilə bilər”.
İqtisadçı-ekspert Fuad İbrahimovsa yeni qanun layihəsinin mahiyyətindən söz açıb:
“Rusiyanın ƏƏSMN-nin təşəbbüsü ilə əmək qanunvericiliyində müəyyən dəyişikliyin edilməsi təklif edilib. Təkliflərdən biri də ondan ibarətdir ki, miqrantlarla əmək müqaviləsi bundan sonra müddətsiz bağlanmayacaq. Müqavilənin ən yaxşı halda 2 il müddətinə bağlanılması təklif olunur.
Bundan başqa, miqrantdan rus dilini bilməsi barədə arayış tələb olunacaq. Eyni zamanda, miqrant Rusiyanın tarixi və qanunvericilik bazası haqqında müəyyən biliyə sahib olmalıdır.
Əslində, Rusiya elə bir ölkədir ki, bu dövlətə gedərkən bu tələblərdən yan keçmək mümkündür. Bütün sahələrdə müvafiq qanunvericilik bazası olsa da ondan hansısa formada yan keçmək olur. Ona görə də bu günün sualı odur ki, qanunvericiliyə edilən düzəliş real həyatda necə öz təsdiqini tapacaq? Qanun işlək olacaqsa, təbii ki, Rusiyaya gedən hər bir şəxs bu tələbləri yerinə yetirmək məcburiyyətində qalacaq.
O cümlədən də azərbaycanlılar...”.
Fuad İbrahimov onu da qeyd edib ki, son terror hadisəsindən sonra yəqin ki, Rusiyanın müvafiq orqanları ölkəyə gələnlərə daha həssas yanaşacaq:
“Dil biliyi zəif olan, daimi iş yeri olmayan, kriminal keçmişi olan insanların Rusiyaya gəlişi xeyli çətinləşəcək. Bundan əlavə, ola bilsin ki, qanunsuz miqrantlara qarşı sərt tədbir görülsün, onlar deport edilsinlər. Bu mənada bizim bəzi soydaşlarımız ola bilsin ki, Rusiyanı tərk etmək məcburiyyətində qalacaq. Amma Rusiya vətəndaşlığı olan və eləcə də qanunvericiliyin tələblərinə riayət edən heç bir soydaşımızı təhlükə gözləmir”.
Surxay Atakişiyev, Bizim.Media