Yeni parkinq qiymətləri ilə bağlı NARAZILIQ – “Bu məsələdə cəmiyyətin fikri nəzərə alınmalıdır”

Hazırda oxunan: Yeni parkinq qiymətləri ilə bağlı NARAZILIQ – “Bu məsələdə cəmiyyətin fikri nəzərə alınmalıdır”

184399

Xəbər verildiyi kimi, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi üçün yeni qiymət cədvəli təyin olunub. Sözügedən ərazidə hər növbəti sutka üçün təyin olunan qiymət 30 manatdır. Parklanma yerinin məhdudlaşması və qiymətlərin bahalığı ictimaiyyət arasında ciddi  narazılığa səbəb olub. 

Qiymətlərin bu qədər yüksək olması və xarici təcrübədə parkinq tariflərinin necə tənzimlənməsi maraq doğurur. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov Azərbaycanda parklanma qiymətlərinin Nazirlər Kabinetinin reqlamentinə uyğun tənzimlənməsini vacib sayır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır – CƏDVƏL/FOTO 


“İnkişaf etmiş və etməkdə olan ölkələrdə qiymət tarifləri fərqli tənzimlənir. Təbii ki, inkişaf etmiş ölkələrdə qiymətlər daha ucuz olur. Ötən il Nazirlər Kabineti parklanma ilə bağlı olduqca ədalətli, sosialyönümlü qiymətlər müəyyən edib və bu, hər kəsin cibinə uyğundur. Hətta şəhər ətrafına getdikcə parklanma pulsuz olur. Eyni zamanda, bazar günləri də parklanma ödənişsizdir”. 

Eldəniz Cəfərovun sözlərinə görə, parklanma yeri ilə avtodayanacağın fərqi var:

“Avtodayanacaqlar əsasən uzunmüddətli nəzərdə tutulur. Onların aylıq tarifləri olur. Dəmiryol Vağzalının ətrafındakı parklanma ərazisinə gəldikdə isə, dövlətə məxsus yerdə parklanma qiymətləri Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənməlidir. Parklanma qiymətləri dövlətin mövcud sosialyönümlü siyasətinə zidd olmamalıdır. 

Əlilliyi olan insanlar, inkluzivlik nəzərə alınmalı və sahibkarlığa ziyan dəyməməlidir. Mən də sosial şəbəkələrdə qiymətlərin baha olması ilə bağlı ictimaiyyətin narazılıqlarının şahidi oluram. Düşünürəm ki, cəmiyyətin fikri nəzərə alınmalıdır”. 

Ekspert əlavə edib ki, insanların narazılığı təkcə qiymətlə bağlı deyil, həm də parklanma yerinin məhdudlaşdırılmasına görədir:

“Çünki əvvəl 28 May metrosunun yanında Dəmiryol Vağzalının böyük parklanma ərazisi var idi. Nədənsə ora bağlandı. Ona görə də belə ajiotaj yaranıb. İndi yaradılan yeni parklanma yeri  kifayət qədər geniş deyil. Düşünürəm ki, Dəmiryol Vağzalının ərazisində olan parklanma yerləri yenidən fəaliyyət göstərməlidir”.

Qeyd edək ki, gələn aydan “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda da aylıq parkinq qiymətləri qalxacaq. Belə ki, aprelin 1-dən tətbiq ediləcək yeni tariflər əvvəlkilərlə müqayisədə 100-170% daha baha olacaq.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin