Bakıda avtobus çatışmazlığının əsas səbəbi nədir? – ARAŞDIRMA 

Hazırda oxunan: Bakıda avtobus çatışmazlığının əsas səbəbi nədir? – ARAŞDIRMA 

184142

Xəbər verdiyimiz kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ictimai nəqliyyatla bağlı bəzi fikirlər səslədirib.

O etiraf edib ki, bu gün ictimai nəqliyyatda 2000 avtobus var, onların da yarısı tələblərə cavab vermir, köhnədir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır


“Bu gün bizə ictimai nəqliyyatda 2500 avtobus lazımdır. Bunu özəl sektorun öhdəsinə qoyduq, amma görürük ki, öhdəsindən gələ bilmir. Tariflərin o həddə qədər artırılmasına biz də qarşıyıq. Dünya ölkələrində ictimai nəqliyyata dövlət dəstəyi var. Bizdə də buna gediləcək”.

Nazir müavininin fikirlərindən belə aydın olur ki, yaxın zamanda dövlət ictimai nəqliyyatdakı xərclərin müəyyən hissəsini öz üzərinə götürəcək.

Problem nədən qaynaqlanır?

Nəzərə alaq ki, bu gün avtobusla daşıma əsasən özəl sektorun əlində cəmləşib. Lakin özəl sektor bu vəzifənin öhdəsindən uğurla gələ bilmir. Bunun da başlıca səbəbi azad rəqabətin olmamasıdır. Məsələn, nəqliyyat şirkətləri üçün ən böyük problemlərdən biri marşrut xətti almaqdır. Subyektiv səbəblər üzündən bir çox şirkət paytaxtın mərkəzi hissəsinə girə bilmir. Ona ancaq şəhərətrafı marşrutlar təklif olunur. Həmin marşrutlarda isə rentabellik olmur. 

Ona görə də şəhər ətrafında işləyən şirkətlər maraqlı deyillər ki, avtoparkı yeniləsinlər. Buna həm imkan çatmır, həm də stimul yoxdur. 250-300 min manata alınan avtobus şəhər ətrafında öz xərcini ödəmir. Təsadüfi deyil ki, şəhərətrafı işləyən avtobusların hamısı müasir tələblərə cavab vermir. Yeni avtobuslar alınmadığın avtobus çatışmazlığı yaranır. Bu səbəbdən də hər gün xəttə az sayda avtobus çıxarılır. 

Çıxış yolu nədir?

Əksər ekspertlərin fikrincə, ictimai nəqliyyat dövlətin balansına keçməlidir. Çünki dövlətin balansında olan metro və dəmiryolu nəqliyyatı ilə bağlı narazılıq avtobuslardan xeyli azdır. Bu reallıqdan çıxış edərək deyə bilərik ki, avtobus nəqliyyatı da dövlət hesabına keçsə, çox yaxşı nəticələr əldə edilə bilər. 

Həmin zaman həm avtoparklar davamlı şəkildə yenilənər, həm də ədalətsiz rəqabət mühiti olmaz. O zaman şəhərin mərkəzi hissəsində də, şəhərin kənarında da eyni cür avtobuslar şütüyər. Nəticədə ictimai narazılıq aradan qaldırılar. 

Lakin nazir müavini Rəhman Hümmətovun dediklərindən belə aydın olur ki, dövlət avtobus daşıyıcılarına subsidiyalar verməklə bu sahəyə öz dəstəyini göstərəcək.

Bəs, bu problemi həll edəcəkmi?

Görünən qədərilə, xeyr. Çünki hökumət bütün zamanlarda daşıyıcı şirkətlərə subsidiya verib. Yalnız ötən ilin əvvəllərində bu yardım dayandırılıb. Bunun əsas səbəbi isə, daşıma qiymətlərinin 33 faiz artırılması idi.

Həmin zaman daşıyıcı şirkətlər deyirdilər ki, “yaxın 6 ayda avtoparkı yeniləyəcəyik”. Amma qiymət artımından sonra dövlətin verdiyi subsidiya dayandığı üçün daşıyıcı şirkətlər yenə köhnə qayğıları ilə baş-başa qaldılar. Bu gün qiymətlər daha 33 faiz qaldırılsa da, avtopark yenilənə bilməz. Çünki çatışmayan 500 ədəd avtobusu almaq üçün ən azı 100-150 milyon manat vəsait lazımdır. 
Bu vəsaitsə heç bir özəl şirkətdə yoxdur. Ona görə də bu məsələyə dövlətin kompleks yanaşması lazımdır. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin