““Metsamor” Ermənistanın özü üçün təhlükədir” - Şaffer 

Hazırda oxunan: ““Metsamor” Ermənistanın özü üçün təhlükədir” - Şaffer 

184125

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. 

Bizim.Media xəbər verir ki, bunu “Naval postgraduate school”un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer “report.az”a açıqlamasında deyib. 

“Ermənistanın paytaxtı İrəvan yaxınlığında yerləşən “Metsamor” AES-in istismarı radiasiya təhlükəsizliyi, ekoloji problemlər və insan sağlamlığı üçün potensial təhlükələr yaradır. 

Türkiyə, Avropa Birliyi və müxtəlif beynəlxalq təşkilatlar uzun müddətdir bu atom elektrik stansiyasının bağlanmasını istəyirlər. 

Bununla belə, 2024-cü ilin martında Ermənistanın Baş naziri Nikol Paşinyan “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb. 

“İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər. Təəccüblüdür ki, Ermənistanın özündə bu təhlükəli müəssisəni bağlamağa çağıran vətəndaşlar və təşkilatlar azdır”, - professor vurğulayıb. 

Şaffer xatırladıb ki, İrəvan AB ilə bütün tərəfdaşlıq sazişlərində atom stansiyasını bağlamağa hazır olduğunu bildirib, hətta bunun üçün vəsait də alıb, amma verdiyi vədləri yerinə yetirməyib: 

“AB-nin ali nümayəndəsi Borrell 2024-cü ilin fevralında Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü zamanı AB-nin Ermənistana stansiyanı bağlamağa kömək etməyə hazır olduğunu bəyan edib. AB ölkələrinin qonşuluğunda çox təhlükəli nüvə reaktorları hələ də işlədiyi halda Avropada müasir və yaxşı işləyən atom elektrik stansiyalarını bağlamasının nə mənası var ?” 

B.Şaffer Paşinyanın Ermənistanın AES-ə malik olmasının ölkənin suverenliyini simvolizə etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: 

“Ermənistanın AES-ə texniki qulluq və yanacaq təchizatında 100 faiz Rusiya “Rosatom”undan asılı olduğunu nəzərə alsaq, bu zarafat kimi gəlir. Burada istehsal olunan elektrik enerjisinin paylandığı elektrik şəbəkələri də Rusiyaya məxsusdur”. 

Onun sözlərinə görə, son vaxtlar Ermənistan Rusiyadan asılılığını azaltmaq və Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır: 

“Metsamor” AES-in gücünün artırılması, əksinə, bu asılılığı daha da artıracaq. Vaşinqton və Brüssel Ermənistana Qərblə əlaqələrini dərinləşdirməyə kömək etməkdə ciddidirlərsə, onlar Moskvanın Ermənistanın strateji infrastrukturu, o cümlədən, bütün enerji infrastrukturu üzərində nəzarətinə son qoymağın yolunu tapmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin