Bakıdakı kilsələrə kimlər “cadu sındırmağa” gedir? – İlahiyyatçıdan REAKSİYA 

Hazırda oxunan: Bakıdakı kilsələrə kimlər “cadu sındırmağa” gedir? – İlahiyyatçıdan REAKSİYA 

184077

Azərbaycanda qadınların çoxu kilsəyə fala baxdırmağa gedirlər. Onlarda belə fikir formalaşıb ki, xristianlar daha güclü falçılıq edə bilirlər.

Dünya yaranandan bəşər övladına gələcək, həyatın necə davam edəcəyi, öz taleyi maraqlı gəlib. Bu marağa xidmət edənlər isə sonradan sehrbaz, kahin, falçı, baxıcı, cadugər adıyla ortaya çıxıblar. Bütün dönəmlərdə insanlar sadalananların köməyi ilə nəyisə dəyişəcəklərini, gələcəyi öyrənəcəklərini zənn ediblər. Bu gün də falçıya gedən, böyük məbləğdə pul, bahalı əşya müqabilində falçıdan mədət umanlar var.

Bəzi hallarda daha inandırıcı olsun deyə müxtəlif dinlərdən istifadə edərək bu işi icra edənlər var. Elə insanlarımız da məscid və kilsədə edilən əməl daha qüvvətli olar deyə ibadət yerlərinə üz tuturlar.

Azərbaycanda qadınlar arasında yayılan fikirlərdən biri də xristian falının, xristian cadusunun daha güclü olması fikridir. Bu səbəbdən kilsələrə üz tutanlar az deyil. Bunu görmək üçün bazar günü paytaxtda fəaliyyət göstərən xristian kilsələrinə gedib ətrafı müşahidə etmək kifayətdir.

Bəs, bu deyim nədən qaynaqlanır? İbadət yerlərində falçılıq necə qəbul olunur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, həmin yerlər ibadət, dua etmək üçün yaranıb:

“Məscid də, sinaqoq da, kilsə də ibadət üçündür. Hər üç dində bunlar məbədgah hesab olunur və Allaha ibadət etmək üçün nəzərdə tutulub. Təəssüf ki, buna müəyyən müdaxilələr olunub. Bu gün müsəlmanlarlarda məscid dəfn bürosu kimi fəaliyyət göstərir, ölü işlərinə baxır. Kilsələrdə də müxtəlif dövrlərdə o kimi şeylər olub. Bizimkilər gedə bilərlər, amma indi keşişlərin belə bir şey etdiyinə inanmıram. Bu, düzgün də deyil və böyük günahdır. İstər məscid, istərsə də kilsə olsun, əgər hansısa ruhani, din xadimi bununla məşğul olursa, o, günah iş görür. 

Ola bilər ki, kimsə nədənsə əziyyət çəkər, ona hansısa dua etmək məsləhət görülər və bu məqsədlə din xadiminə müraciət etmək olar. Bunu da bizim insanlarımız qarışdırırlar.  Biri eşidir ki, şəfa duası deyilən bir şey var, din xadiminə müraciət edir ki, mənə dua yaz. Bunu cadu ilə qarışdırmaq, hamısının da adını falçılıq qoymaq olmaz. Yaxud kimsə xaç suyu haqqında eşidib, bu məqsədlə gedir, onu da başqa cür qiymətləndirirlər. Hər bir halda kilsədə, məsciddə belə şeylərlə məşğul olmaq düzgün deyil”.

O, xristianların falçılıq qabiliyyətlərinin daha güclü olması fikrinə də münasibət bildirib:

“Belə müxtəlif yozumlar var ki, guya xristianların, yəhudilərin etdiyi cadular daha qüvvəlidir. Bunlar dildə olan sözdür, çünki ümumiyyətlə, cadu-piti şeytan əməlidir. O işi müsəlman da, xristian da, yəhudi də görə bilər. Lakin bunlar günah əməllərdir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin