Evlərini kirayə verən əmlak sahiblərindən tutulan verginin faizi çoxdur.
Bunu Bizim.Media-ya açıqlamasında əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, əmlak sahiblərindən tutulan vergi 5 faiz olarsa, bu, məqbul hesab olunur:
“Faizin aşağı olması tək mənzillərin kirayə verilməsi ilə bağlı deyil. Eyni zamanda ictimai iaşə obyektlərinin də icarəyə verilməsinə də aiddir:
“Elə obyektlər var ki, onlar icarəyə verilərkən 14 faiz kirayə vergisi tutulur. Pandemiya zamanı müvvəqəti olaraq bu rəqəm 7 faizə endirilib. Verginin 14 faiz olması vətəndaşları vergi verməkdən yayındırır. Kirayə müqaviləsi bağlanmır. Bu da gələcəkdə kirayə verənlə kirayədə qalan arasında müxtəlif problemlərin yaranmasına səbəb olur. Düşünürəm ki, kirayə evlərdən 14 faiz vergi tutulması çox yüksəkdir. Bu rəqəm 5 faizdən 2 faizə kimi endirilməlidir.
Elə mənzil var ki, kirayə haqqı 10 min manatdır. Vəsaitin 14 faizi vergiyə tutulanda yetərincə böyük rəqəm edir. Mənfəət vergi ödəyiciləri var ki, onlara hazırda güzəştlər tətbiq ediblər. Onlar indi 20 faizlik verginin 75 faizindən azaddırlar. Qısa desək, mənfəət vergi ödəyiciləri məbləğin 5 faizini ödəyirlər. Evini kirayə verən vətəndaş daha çox mənfəət vergisi ödəməyə maraq göstərir.
Çünki orada faiz aşağıdır. İqtisadiyyat Nazirliyində bu məsələyə baxılmalıdır. Kiçik Orta Sahibkarlğın İnkişafı Agnetliyinə faizlərin aşağı salınması il bağlı fikirlər səsləndirmişik. Lakin hələlik təkliflərimizə baxan olmayıb”.
Digər ekspert Natiq Cəfərli isə bildirir ki, kirayədən tutulan vergi 5 faizə düşsə, həm icarə müqavilərinin sayı çoxalar, həm də bundan vergi daxil olmaları da artar:
“İndi yenidən kirayə vergisi 14 faizdir. Reallığı nəzərə alsaq, təbii ki, faiz yüksəkdir. Bu da onunla nəticələnir ki, müqavilə bağlanmır. Nəticədə dövlət büdcəsi itirir. Və yaxud da mənzilin kirayə verilməsi rəsmiləşdiriləndə gəlir az göstərilir. Vergi dərəcəsinin 5-ə kimi endirilməsinə ehtiyac var. Və daha ciddi mexanizmlər hazırlanmalıdır. Onsuz da faiz aşağı düşsə, hökümət dövlət büdcəsinə daha çox vəsait cəlb edə bilər”.
İqtisadçı alim Emin Qəribli isə digər müsahiblərimizdən fərqli düşünür:
“Mənzilləri daha çox kirayəyə varlı adamlar verirlər. Biri nəvəsinə, oğluna, qızına mənzil alıb gələcək yaşayışını sığortalayır. Dövlət də təbii ki, bilir ki, belə evləri imkanlı adamlar alıb kirayəyə verir. Ona görə də yüksək faiz qoyub ki, dövlət büdcəsinə daha çox vəsait daxil olsun. Bu baxımdan faizi yüksək hesab etmirəm.
Qoy o varlı adamların qazanclarından dövlət büdcəsinə də daxil olsun. Vətəndaş da var ki, kirayədən gələn vəsaitin hesabına dolanışığını təmin edir.
Belə vətəndaşlar keçid edəcəyimiz bəyannamə sistemində öz gəlirini bəyan etməlidir. Və qeyd olunmalıdır ki, kirayədən gələn gəliri təhsil, yaşayış və digər sosial ehtiyacları üçün xərcləyir. Bizdə də bu proqram qəbul olunub. Mərhələli şəkildə keçid olacaq. Fərdi olaraq dövlət tərəfindən o vətəndaşın özünə güzəşt olunacaq”.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:40 / 19.04.2021
Kirayə evlərdən 14 faiz vergi tutulması çox yüksəkdir – EKSPERTLƏRİN RƏYİ
Hazırda oxunan: Kirayə evlərdən 14 faiz vergi tutulması çox yüksəkdir – EKSPERTLƏRİN RƏYİ
Hazırda oxunan: Kirayə evlərdən 14 faiz vergi tutulması çox yüksəkdir – EKSPERTLƏRİN RƏYİ
18360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.