Deputatların Novruz XATİRƏLƏRİ – Birinə silah çəkilib, digəri yanğın çıxarıb, başqası isə ... - SORĞU  

Hazırda oxunan: Deputatların Novruz XATİRƏLƏRİ – Birinə silah çəkilib, digəri yanğın çıxarıb, başqası isə ... - SORĞU  

183167

Novruz Azərbaycan xalqının ulu bayramıdır. Min illərdir bir çox xalq tərəfindən də qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri unudulmaz folklorumuzda kök salan fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Buna papaq atmaq, qulaq falına çıxmaq, tonqal qalayıb ağırlığı odda yandırmaq, yumurta döyüşdürmək kimi məşhur adətləri misal göstərə bilərik.

Novruz gəldisə, deməli, hamının yadına uşaqlıq xatirələri düşəcək.

Maraqlıdır, Novruz bayramının özəl adətləri ilə bağlı millət vəkillərinin xatirələri nədən ibarətdir?

Bizim.Media bu mövzuda deputatların özləri ilə söhbətləşib:

Aqil Abbasın sözlərinə görə Novruzda Qarabağ bölgəsində papaq atmaq adəti olmayıb:

“Biz buna “dəsmal atdı” deyirdik. Amma mən heç vaxt dəsmal atmamışam. Kənddə olanda tonqal qalayar, fişəng atar, məftilin üzünü sarıyıb yandırar və kim daha hündürə atacaq deyə yarışardıq. Bəzən həmin məftil gedib ya qonşunun çəpərinə, ya da ot tayasına düşərdi, yanğın çıxardı. Bundan başqa, Novruzda daha çox yumurta döyüşdürərdik. Bəzən uşaqlar gedib tısbağa yumurtası tapardı, çünki onu yerə vursan da qırılmır. Qulaq falına isə daha çox qızlar çıxardı”.

Etibar Əliyev bayramda daha çox yumurta döyüşdürüb:

“Mən Qərbi Azərbaycanda boya-başa çatmışam. Ermənilər hər nə qədər qəbul etmək istəməsələr də, bizdə Novruz şənlikləri çox yüksək coşqu ilə keçirilirdi. O zamanlar küncütlə qorğa qovrulurdu, yumurta döyüşdürür, papaq atırdıq. Bəzən papağı doldururdular, bəzən isə boş olurdu. Biz kənddə o qədər yumurta döyüşdürürdük ki, hansının bərk olduğunu dişimizə vuran kimi anlayırdıq”. 

Tahir Kərimli papaqatdıda başına gələn maraqlı hadisəni bölüşüb:

“Biz axrıncı çərşənbədə evlərə ya papaq, ya da torba atardıq. Bir dəfə də dayım oğlu Ələkbərlə yavaş-yavaş bir qapıya papaqatdıya getdik. Dayım oğlu bilirmiş ki, bu ev kimindir, mən bilmirdim. Sən demə, bu, hərbi-kommisarın evi imiş. Onlar da deyəsən Bakıdan gəlmişdilər, adəti bilmirdilər. Bizi çox pis qarşıladılar, gördük ki, silah çıxaracaqlar, qaçaraq oradan uzaqlaşdıq (gülür). 
Bir dənə də toyuğumuz var idi, balaca qardaşım onu çox istəyirdi, adını “mirzə” qoymuşdu. Həmin toyuğun yumurtası da çilli olurdu. Bununla döyüşə girəndə həmişə biz qazanırdıq, uşaqlar da etiraz edirdilər. Bir dəfə həmin yumurta ilə 40-a yaxın yumurta udmuşduq. Bax belə maraqlı Novruz xatirələrimiz olub. Bu gün o illəri xatırlamış oldum”.

Arzu Nağıyev isə uşaq olanda daha çox lopa yandırıb yarışdırdığını bildirib:

“Tovuzda istər Novruz bayramı, istər Xıdır Nəbi və s. kimi milli-mənəvi dəyərləri inkişaf etdirən ənənələr daim olub. Qədim ulutürk tayfalarının obasında bu bayramlar həmişə qeyd edilib. Biz heç vaxt qapılara papaq atmazdıq. Papaq atmaq adətini gəlib Bakıda görmüşəm. Bizdə evlərə torbalar atar, qapıda nəğmələr oxuyardılar:

Döyüşlər, a döyüşlər, haqq yolunda durmuşlar, 
Verin bizim payımızı, aparaq verək ustaya.
Usta yesin sağ olsun, Allah sizi var eləsin
Verənin oğlu olsun, verməyənin kor qızı.

Eyni zamanda hamı bayram aşı bişirərdi, uşaqlara hədiyyə alar, böyükləri ziyarətə gedərdi. Tonqalla bağlı isə belə bir xatirəm var ki, iki övladım odun üstündən hoppananda bir-birlərinə dəyib azca yanmışdılar. Bu hadisədən sonra onlara ehtiyyatlı olmağı başa saldım. Özüm isə uşaq olanda yandırıb yarıışdırdığım lopa ot tayasına düşüb alov çıxmışdı. Bu cür maraqlı Novruz xatirələrimiz olub.

Mən Tovuz-Gədəbəyi, eyni zamanda böyük türk tayfalarının yaşadığı obaları təmsil etdiyim üçün, bütün seçicilərimi və xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çalışacağıq ki, qazilərimizin bayramını təbrik edək”, - deyə deputat bildirib. 
Rüfət Quliyev isə sonuncu dəfə tələbə olanda papaq atdığını qeyd edib:

“Yadımdadır ki, Lənkəranda öz kəndimizdə bibimgilə papaq atmışdım. Onlar da mənim papağımı tanımayıb, bir-iki konfet qoymuşdular. Daha sonra qapını açıb dedim ki, qardaşınızın oğluyam, tələbəyəm, yaxşı pay qoyun (gülür). Belə maraqlı əhvalatlar çox olub. Novruzda uşaqlara təzə paltarlar alınar, hamı bir-birinin evinə gedib bayramlaşardı. Bu sorğu mənim uşaqlığımı yadıma saldı. Mənə elə gəlir ki, Novruz bizim ən gözəl ənənələrimizdəndir. Əfsuslar olsun ki, indi bütün həyat telefonda, internetdədi. Bu adət-ənənələrimiz yenə qayıtsaydı çox gözəl olardı”. 

Fəzail Ağamalının sözlərinə görə, Zəngəzur mahalında insanlar suyun üzərindən tullanar və ağırlıqlarını tökərdilər:

“Zəngəzur mahalının Qarakilsə bölgəsində Novruz bayramı kifayət qədər yüksək əhval-ruhiyyə ilə keçirilirdi, böyük şənliklərlə müşayət olunurdu. Yumurta döyüşdürər, çilədöymə edər, ilaxır çərşənbədə tonqal yandırardıq. Bizdə tonqal ancaq axrıncı çərşənbədə qalanardı. Eyni zamanda məftilə parça dolayar, üstünə neft töküb yandırar və kimin daha hündürə atacağını yarışdırardıq. 

Novruzda birmənalı olaraq hamı, qulaq falı edərdi. Biz tərəflərdə papaq atmaq adəti olmayıb, lakin evlərin bacalarından torba sallayardıq və insanlar içinə yumurta və kökə qoyardılar. Bu kökələr lobya ilə hazırlanardı. Həmin torbalara şəkərbura, paxlava qoyduqlarını xatırlamıram, əsasən kökə olardı. 

Sübh səhərdən isə çoxsaylı insanlar axar su üzərinə gedər, buradan hoppanar və belə deyərdilər:

“Ağırlığım-uğurluğum bu suyun üzərinə tökülsün”. 

Daha sonra həmin suyun kənarındakı daşlar evlərdə ərzaq olan yerlərə, un torbasının içinə atılardı ki, bərəkət gətirsin”. 

Deputat xatırladıb ki, Sovet hakimiyyəti dövründə Novruz bayramının keçirilməsi qadağan olunmuşdu:

“Lakin 1967-ci ildə uzunmüddətli fasilədən sonra Şıxəli Qurbanovun təşkilatçılığı ilə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunmağa başladı. Mən onda Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdum. Bizim 464-cü qrup Novruzu təntənəli şəkildə qeyd etdi. Amma təəssüflər olsun ki, Şıxəli Qurbanov həmin il müəmmalı şəkildə öldü. Biz növbəti il qrup olaraq əlimizdə güllər Şıxəli Qurbanovun qəbrini ziyarət etdik.
Onun məzarında bizim apardığımız güllərdən başqa, bir dənə də çiçək yox idi. Novruz bayramı xalqımızın milli ruhunun oyanışına səbəb olmuşdu. Buna görə də, Sovet hakimiyyətindən Azərbaycan rəhbərliyinə bildirildi ki, belə bir bayram bir də keçirilməsin. Lakin Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, Novruz bayramı yenidən yüksək coşqu ilə qeyd olunmağa başlandı”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin