Türkiyədə bələdiyyə sədrliyinə namizəd olan qarabağlı Zülfiyyə Günəşlə MÜSAHİBƏ

Hazırda oxunan: Türkiyədə bələdiyyə sədrliyinə namizəd olan qarabağlı Zülfiyyə Günəşlə MÜSAHİBƏ

183103

Əslən Qarabağdan olan Zülfiyyə Günəş adlı soydaşımız Türkiyənin Məmləkət Partiyasından İstanbulun 240 min əhalisi olan Silivri bələdiyyəsinin sədrliyinə namizədliyini verib. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martin 31-də keçiriləcək.

Seçki kampaniyasının qızğın vaxtı olmasına baxmayaraq Zülfiyyə xanım vaxt tapıb Bizim.Media ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik: 

- Zülfiyyə xanım, kifayət qədər maraqlı həyat yolunuz var. Ona görə də həyat hekayənizi öz dilinizdən eşitmək istəyirik...

- Ağdamın Gülablı kəndində doğulmuşam. Orta məktəbi öz kəndimizdə oxumuşam. 1988-ci ildə Bakıya gəldim. Rus dilli təmayülü məktəbdə orta təhsilimi davam etdirdim. 1990-cı ildə həmin məktəbi bitirdim. Amma deyim ki, o zaman həmin məktəbdəki müəllimlərin çoxu ermənilər idi. 1988-ci ildə başlayan məlum hadisələrdən sonra həmin müəllimlər Bakıdan getdi. Ona görə də rus dilini düz-əməlli öyrənə bilmədim. 

1991-ci ildə dövlət hesabına ali təhsil üçün Türkiyəyə gələn 50 tələbədən biri oldum. İstanbul Universitetinin tarix fakültəsində oxudum. 1992-ci ilin fevralında sonuncu dəfə kəndimizdə oldum. O vaxt ermənilər kəndimizi işğal etdi. Həm kəndimizin işğalından, həm də Xocalı qətliamından və Kəlbəcərin süqutundan  sonra “şərəfimlə yaşamaq üçün cəbhəyə gedirəm” devizi ilə müharibəyə yollandım.  O zaman, Türkiyə mətbuatı da mənim təşəbbüsümə geniş yer ayırdı. Lakin, dövlətimiz bizim oxumalı olduğumuzu bildirdi. Ona görə geri qayıtdım. 1995-ci ildə Universitetdən məzun oldum. Amma doğma kəndimizə qayıda bilməyəcəyim üçün Türkiyədə qaldım. O zaman demişdim ki, Gülablı alınanda kəndimizə qayıdacağam. 1995-ci ildən müəllim olaraq işə başladım. Həm də ictimai fəalliyyətlə məşğul oldum. 

- 33 il qabaq Türkiyəyə getsəniz də Azərbaycanla əlaqənizi kəsməmisiniz. Hətta Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisiniz. Maraqlıdır Birliyiniz Türkiyədə nə kimi işlər görür?

90-cı illərin ortalarında Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri İradə Abbaslı ilə tanış oldum. O mənə təşkilatın Türkiyə təmsilçisi olmağı təklif etdi. Mən də bu təklifi məmuniyyətlə qəbul etdim. Çünki, Birlik çox gözəl layihələr icra edirdi.

Xüsusən də əsir qadınlarla bağlı çox gözəl işlər görülürdü. Mən də bu sahədə öz bacarığımı ortaya qoydum. O zamanlarda Türkiyənin 50-dək unuversitetində əsir qadınlarımızla bağlı konfranslar təşkil etdim. Etiraf edim ki, 90-cı illərdə Azərbaycan həqiqətləri barədə hətta Türkiyədə müfəssəl bilgi yox idi.

Bir çoxları Azərbaycanda baş verənlərdən doğru-düzgün xəbərdar deyildi. Ona görə də qarşımıza bizi sevənlərə yox, həm də bizi sevməyənlərə Azərbaycan həqiqətlərini çatdırmağı hədəf qoyduq. Müxtəlif telekanallarda çıxışlarım oldu. Türkiyənin ən populyar qəzetlərində məqalələr dərc etdirdim. 

-Gənc yaşlarınızda Türkiyədə kifayət qədər tanındınız. Hətta haqqınızda kitab da yazıldı...

Bəli, o zaman davamlı şəkildə çalışırdım. Konfranslar təşkil edirdim, qəzetlərə məqalələr yazırdım, telekanallarda çıxış edirdim. Təbii ki, mənim yanğmı, təşəbbüsləri görüb müşahidə edənlər də vardı. Məhz o zaman Türkiyəli yazar Ziya Şahin “Karabağda Savaşan Kadınlar” kitabını bir növ mənə həsr etdi.

- Bildiyimiz qədər Məmləkət Partiyasının üzvüsünüz. Necə oldu ki, siyasətə gəldiniz?

Sözün doğrusu, bu partiyaya qoşulmağım qarşı tərəfin təşəbbüsü ilə olub. Partiya ictimai-siyasi fəaliyyətimi izlədiyi və bundan məmnun qaldıqları üçün məni Məmləkət Partiyasına dəvət etdilər.

Mən də dəvəti qəbul etdim. Artıq Partiya tərəfindən Silivri bələdiyyəsinin sədrliyinə namizədliyim irəli sürülüb. Qeyd edim ki, artıq 25 ildir ki, Silviridə yaşayıram. Burada müxtəlif məktəblərdə müəllim olaraq işləmişəm. Rayonun bütün kəndlərində olmuşam. Bir sözlə, Silvirin qayğıları və problemləri mənim üçün tanışdır, doğmadır. Məqsədim də odur ki, gələcəkdə bu problemlərin həllinə öz töhfəmi verim.

- Bəs, seçki kampaniyası necə gedir? Hər şey qaydasında gedir. Görüşlərimiz, təmaslarımız olur. Oz niyyətimizi və hədəfimizi seçicilərə bəyan edirik. Nəzərə alın ki, Türkiyədə seçkilər çox həyacanlı və maraqlı keçir. Ona görə də hadisələrin inkişafından məmnunam.

- Bir siyasətçi kimi ən ali hədəfiniz nədir?

Müəllim olduğum üçün ən böyük hədəfim Türkiyənin Təhsil naziri olmaqdır. Ona görə də bu seçkilərə öz şansımı sınamaq üçün qatılmışam. Baxmayaraq ki, rəqiblərim də güclüdür. İki aparıcı partiyanın - hakim AKP və müxalifətçi CHP -nin namizədi ilə mübarizə aparıram. Bu seçkilərə qatılmaqla təcrübə qazanmaq istəyirəm. Çünki, mən daha çox 2028-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşıram. Son hədəfimsə dediyim kimi Türkiyənin Təhsil naziri olmaqdır.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin