Son bir neçə aydındır ki, Rusiya ordusunun Baş Qərargah rəisi Gerasimov barədə hər hansı bir məlumata rast gəlinmir. Onun iki ay öncə Krımda olarkən öldürüldüyü iddia edilir.
Xatırladaq ki, bu il yanvarın 6-da Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasındakı Rusiya hərbi bazasına raket zərbəsi endirməsi nəticəsində 20 nəfərə yaxın yüksək rütbəsli zabit, o cümlədən Baş Qərargah rəisi Valeri Gerasimovun öldürüldüyünə dair məlumat yayılmışdı.
MÖVZU İLƏ BAĞLI:
Britaniya KƏŞFİYYATI: “Rus zabitlərin Şoyqu və Gerasimovdan narazılığı artır”
Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bu barədə rəsmi açıqlama da vermişdi.
Kremlin Gerasimovun öldürülməsi məsələsinə bu günə qədər hər hansı bir reaksiya verməməsi də bu məsələdə istər-istəməz şübhələri artırır.
Rusiyanın SOTA nəşrinin son məlumatına görə, normativ hüquqi aktların rəsmi portalında “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general-polkovnik V.Poznixir”in namizədliyinin təsdiqini nəzərdə tutan hökumət qərarının layihəsi dərc edilib.
Eyni zamanda, son iki ayda Gerasimovun hər hansı ictimai tədbirdə, yaxud hərbi təlimlərdə iştirakı ilə bağlı görüntülərin olmaması da sözügedən ehtimalı gücləndirir.
“Əgər sağ olsa idi...”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, ola bilsin Kreml Gerasimovun öldürülməsi faktını sirr olaraq saxlamaqda maraqlıdır:
“Amma bütün hallarda bu sirrin ömrü də uzun olmayacaq. Bu barədə dəqiq məlumatlar yaxın vaxtlarda üzə çıxacaq. Paylaşılan informasiyalar Gerasimovun öldürüldüyü üzərində dayanmağa vadar edir. O sağ olsaydı Rusiya hökuməti böyük məmuniyyətlə onu üzə çıxarıb, xidmətlərinə görə mükafatlandırardı. Ancaq indiki vəziyyətdə Gerasimov səhnədə yoxdur. Onun görünməməsi də müəyyən sirlər yaradır. Digər tərəfdən, o öldürülsəydi, daha ciddi informasiya mənbələrindən daha ciddi məlumatlar əldə edə bilərdik”.
Ekspert qeyd edir ki, Rusiyanın bu məsələdə məxfilik prinsipinə üstünlük verməsi öz durumu ilə bağlı digər ölkələrdə müəyyən fikirlərin ortaya çıxmasına imkan verməməklə bağlıdır:
“Çünki Gerasimovun Krımda öldürülməsi Rusiyanın növbəti məğlubiyyəti hesab ediləcək və daxildə ciddi problem yaradacaq”.
Rüfət Sultan, Bizim.Media