Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə martın 1-dən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.
Bundan əlavə, KİV-in məlumatına görə, ölkəmizdə bu ilin sentyabr ayında daha yüksək keyfiyyət parametrlərinə malik aşağı oktanlı benzin, IV rübdə isə Avro-5 standartlarına cavab verən Ai-95 markalı benzin istehsal edilməyə başlanılacaq.
MÖVZU İLƏ BAĞLI:
Benzinlə bağlı MÜHÜM QƏRAR
Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatın “Emal sənayesi” bölümündə bildirilir ki, ötən il SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavodu “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalı üzrə qurğuların tikintisini başa çatdırıb və istehsala başlayıb.
Atılan addımlar fonunda yanacağın qiyməti ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov düşünür ki, ucuzlaşma istiqamətində hər hansı bir dəyişiklik baş verməyəcək:
“Bu addımlar Azərbaycanda heç də yanacağın qiymətinin ucuzlaşdırılmasına hədəflənməyib. Həmin addımlar Aİ-92 markalı benzinin təchizatında yaranmış fasilənin aradan qaldırılması məqsədilə idxal olunan yanacağın qiymətinin daxili bazara uyğunlaşdırılması məqsədilə həyata keçirilir. Azərbaycanda Aİ-95 yanacaq növqü istisna olmaqla digər yanacaq növləri tənzimlənən qiymətlərlə müəyyən edilir. Tənzimlənən qiymət isə daha çox digər faktorlar əsasında müəyyən edilir, nəinki maya dəyərində baş verən dəyişikliklərlə.
Dünya bazarında da benzinin qiymətinin bahalaşmasını şərtləndirən hər hansı bir faktor yoxdur. Həmçinin, onun ucuzlaşması istiqamətində də meyllər zəifdir.
Hətta ucuzlaşma olsa belə o, daha çox faydanın əldə edilməsinə yönəldiləcək, nəinki qiymətlərin aşağı salınmasına.
Nazirlər Kabinetinin qərarının məqsədi benzini ucuzlaşdırmaq deyil. Ola bilsin ki, qərar benzinin bahalaşmasına təzyiq yaradan hansısa faktorları neytrallaşdırsın. Amma ucuzlaşma istiqamətində hər hansı bir dəyişiklik baş verməyəcək”.
Rüfət Sultan, Bizim.Media