“İslamda Hacı, Məşədi, Kərbəlayi, Axund, Ayətullah titulları yoxdur” - İlahiyyatçı ilə axund arasında POLEMİKA

Hazırda oxunan: “İslamda Hacı, Məşədi, Kərbəlayi, Axund, Ayətullah titulları yoxdur” - İlahiyyatçı ilə axund arasında POLEMİKA

18161

“İslam dinində dini titul yoxdur. Olsa idi, ilk olaraq Peyğəmbərin özünə və Səhabələrinə verilərdi. İslamda "Hacı, Məşədi, Kərbəlayi, Axund, Ayətullah..." və sair kimi titullar yoxdur. Bunlar Hindistan brahmanları, xristianlıqda orta əsrlərdəki istismarçı kilsə hakimiyyəti sayaq, insanları istismar etmək və xüsusi ali imtiyaz qazanmaq üçün dırnaqarası ruhanilərin uydurduğu bitətlərdir”.

Bu iddia ilə Bizim.Media-ya ilahiyyatçı Tural İrfan çıxış edib. O, deyib ki, sözügedən adlar sonradan uydurulmuş titullardır: 
 

“İslam dinində bütün hökmlər, qaydalar Qurana və Peyğəmbərin sünnəsinə əsaslanmalıdır. Quranda və Peyğəmbərin sünnəsində də belə titullar yoxdur. O titulların mahiyyəti sayılan imtiyazlar mövcud deyil.


Yəni Qurana görə ruhani təbəqə yoxdur. Hətta İslam tarixində buna bir nümunə gətirilmir. Ən böyük dəlil odur ki, əgər o titullar olsa idi öncə Peyğəmbərin özünə və ailəsinə, yaxın səhabələrinə verilərdi. Peyğəmbər ömründə bircə dəfə Həcc ziyarətində olub. O zaman Peyğəmbərə niyə "Hacı Məhəmməd" deyilmir? Yaxud sonralar İmamlara da deyilməyib. Çünki Qurana ziddir”. 

İlahiyyatçının sözlərinə görə xristianlıqdakı keşiş ifadəsi kilsə sistemindən götürülüb:

“İslamda da ruhani, istismarçı təbəqə formalaşdırılıb ki, kasıb təbəqənin varını xüms, zəkat, sədəqə, nəzir adi ilə sümürsün. Məsələn, hazırda Azərbaycanda İran yönümlü müsəlmanlar milyonlarla manat pulları İran Ayətullahının buradakı nümayəndəsinə xüms adı ilə aparıb verirlər. Bunun adı istismardır. Yəni sözü gedən titullar, adlar, xüsusi imtiyazlar filan da hamısı sümürgəçilik üçündür.

İslam dinində, Quranda o titullar haqda ancaq tənqidlər var. Quranda Peyğəmbər "Allahın qulu", "Elçi" adlandırılır.

Məgər sonrakı mollalar Peyğəmbərdən üstündür ki, özlərini Allahın əlaməti sayılan adlarla, böyük-təkəbbürlü titullarla bəzəsinlər? İslam öncə ağıla və məntiqə əsaslanan dindir. Hər kəs ağlını işləsə nəyin necə olduğunu anlayar. O adlardan və titullardan istifadə edənlər ancaq özünü reklam və ya dünyəvi maddi maraqları üçün bunu edirlər. Quranda möminin mömindən üstünlüyü Kərbəlayi və ya Məşədi olması ilə deyil, təqvası, əxlaqı, imanı, mənəviyyatı ilə ölçülür.

Quranda deyilir: "Şübhəsiz, Allahın dərgahında sizlərdən ən dəyərli olanı təqvası daha çox olan kəsdir” (“Hücurat” surəsi, 13)" Yəni, axund, molla, seyid, Məşədi, Kərbəlayi, Hacı kimi imtiyazlar, titullar daşıyaraq özünü başqalarından üstün saymaq, nəzir yığmaq böyük günah əməllərdəndir. Titul ancaq o ruhanilərin nəzir mövsümlərində maddiyyat əldə etməsinə xidmət edəcək ki, bu da onları əsas mənəvi dəyərlərdən uzaq salır”. 

"Heydər" məscidinin axundu Rüfət Qarayev qeyd olunan iddialara cavab olaraq bildirib ki, Peyğəmbərimiz o tutullara önəm verməyib:

“Qurani-Kərimdə ayə var. Allah yanında ən hörmətli olanınız sizin təqva sahibi olanınızdır. Yəni təqva sahibi olanlar Allah yanında hörmətlidir. “Hacı” titulu Qurani Kərimin Tövbə surəsinin 19-cü ayəsində keçir. Allah evini ziyarət edənlərə Allah “Hacı” deyə xitab edir.

Amma bu, o demək deyl ki, Həcc ziyarətinə gedib gələn adama  “Hacı” deməsən hansısa günaha girmiş olarsan.
 

Yaxud Kərbəlanı ziyarət etmiş insana “Kərbalayi” deməsən günah qazanarsan. Dediyin zaman ona ehtiram əlaməti olaraq demiş və hər dəfə onun Kərbəla ziyarətində olduğunu xatırlamış olursan.


Yəni Peyğəmbərimizin nəvəsini ziyarət etdiyini vurğulamış olursan. Məsələn Həcc ziyarətində olan insana “Hacı” deyəndə o, bir qədər də məsuliyyət hiss etmiş olur ki, Allah evində olub. Yaxud getdiyi yerin fərqində olaraq özünə bir daha çəki-düzəm verir. Çünki insan sözünün mənası “unudan”dı. Bəzən insan Allahı da, özünü də unuda bilir”. 

Axund qeyd edib ki, İslamda bu titullar vacib hökm olmadığı kimi, qadağaın da deyil:

“Bu məsələdə insanlar sərbəst seçim imkanına malikdir. Kimsə kiməsə “Məşədi”, “Kərbalayi” də deyə bilər. Deməsə onu qınamaq da olmaz. Elə insanlar var ki, Həcc ziyarətindən gəlib. Ona “Hacı” deyə xitab etməyəndə hirslənir. Bu doğru düşüncə deyil. Çünki belə ifadələr yoxdur. O, mühüm bir vəzifə olsaydı, Peyğəmbərimiz tövsiyə edərdi ki, bu adlar olsun”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin