İtkin erməni hərbçilərinin axtarışları davam edir. Lakin Ermənistan hökuməti övladlarından xəbər almaq istəyən valideynlərə müjdə verə bilmir.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, erməni hərbçilərinin Gorusun Şahverdilər (Vorotan) kəndindəki axtarışı nəticəsiz qalıb.
MÖVZU İLƏ BAĞLI:
“Sülhməramlıları çıxarmaq cəhdi Gürcüstana baha başa gəldi” – Qarabağdakı aysberqin görünməyən TƏRƏFİ
Deyilənə görə, itkin və ölən erməni qalıqlarının axtarışı Füzuli ərazisində də aparılır. Rəsmi məlumata görə, atəşkəsdən sonra 1542 erməni cəsədinin qalıqları tapılıb.
Xatırladaq ki, ermənilərin “Vorotan” adlandırdığı Şahverdilər qədim Azərbaycan kəndlərindən biridir. 1918-ci il Andronik və Njdenin qətliamlarından sonra kəndin əhalisi müxtəlif illərdə erməni vandalizm və deportasiyalarına məruz qalıb.
Ermənilərin sonuncu bu tip barbarlığı 1988-ci ilə təsadüf edir. Nəticədə yüzlərlə Şahverdilər sakini dədə-baba yurdlarından qaçqın düşüb.
Amma 44 günlük savaşda qazanılan qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bununla da münaqişə tərəflərinin SSRİ dövründəki xəritələri bərpa olunub. Belə ki, Zəngəzura aid bir sıra yaşayış məntəqələri Sovet İttifaqı dövründə Qubadlı rayonuna aid edildiyi üçün hazırda da sözügedən kəndlərin bir hissəsi Bakının nəzarətindədir.
Nümunə kimi, Şurnuxu və Şahverdilər kəndlərini göstərmək olar. Bununla yanaşı ermənilərin "Sünik əldən gedir, Azərbaycana verilir" çağır-bağırı da səbəbsiz deyil.
Bütün bunlar, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin hələ də davam etdiyini isbatlayır. Xalqın təbirincə desək, "Zəngəzura az qalıb".
Bizim.Media