İranın Ermənistana qarşı susqunluğu: Mahiyyəti və səbəbləri  

Hazırda oxunan: İranın Ermənistana qarşı susqunluğu: Mahiyyəti və səbəbləri  

181354

İranın Cənubi Qafqaz siyasətinin prioritetlərindən biri Qərbin regiona nüfuzu və təsirinin qarşısını almaqdır. Lakin Tehran Ermənistan-Qərb yaxınlaşmasına sərt reaksiya vermək əvəzinə susqunluğunu qoruyur. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) hazırladığı təhlildə yer alıb.

Təhlildə deyilir:

"Ermənstan - İran üçün imtiyazlı ölkə 

İran üçün Ermənistan xüsusi və imtiyazlı ölkədir. Tehran Yaxın Şərq siyasətində Suriya, Cənubi Qafqazda isə Ermənistana üstünlük verir. Ermənistan İranın qonşuları arasında müsəlman olmayan yeganə ölkədir. Ən maraqlısı isə odur ki, bu xristian dövləti islamçı rejimin problem yaşamadığı tək qonşu ölkədir. İranın nöqteyi-nəzərindən Ermənistan Cənubi Qafqazda xristian Qərbin bir parçasıdır. Bu amil İranın Qərblə münasibətlərini yumşaltmaq imkanlarından biri kimi qiymətləndirilir. 

Geosiyasi baxımdan isə Ermənistan Türkiyə ilə yanaşı İranın Avropaya açılan iki pəncərəsindən biridir. Lakin İran Türkiyədən asılılığını azaltmağı düşünür və Ermənistanla münasibətləri gərginləşdirməklə Türkiyə marşrutundan asılılığını artırmaq istəmir. İranın Azərbaycan-Türkiyə müştərək layihələrinə qarşı Ermənistan kartından istifadəsi də məhz bu kontekstdə dəyərləndirilməlidir. 

İran Ermənistanla yaxşı münasibətlər qurmaqla həm də Qərbə müxtəlif mesajlar verir. O bəyan edir ki, İŞİD, “Taliban”, “Əl-Qaidə” və bu kimi təşkilatlardan fərqli olaraq radikal və fundamentalist deyil, qeyri-müsəlmanlara qarşı dözümlüdür. Bununla yanaşı, İran erməni diasporunun imkanlarından da faydalanır, bu yolla yəhudi lobbisinin təsirini azaltmağa çalışır. İslam Respublikası hesab edir ki, Avropa və ABŞ-dakı erməni diasporunun siyasi və iqtisadi gücü Tehrana qlobal siyasətdə fəal olmaq üçün imkanlar yarada bilər. 

İranın Qərb və Rusiya ilə ziddiyyətli tərəfdaşlığı 

Qərbin Ermənistandan dolayı Azərbaycana təzyiq göstərməsi ölkəmizdə anti-Qərb əhval-ruhiyyəsinin artmasına səbəb olur. Bu, İranın ideoloji fəaliyyətinə şərait yaratmasa da, Azərbaycan-Qərb münasibətlərini məhdudlaşdırmaqla Tehran üçün siyasi və geosiyasi fəaliyyət meydanı açır. Lakin İran administrasiyası öz prinsiplərini pozaraq Qərbin təzyiqinə boyun əyməyən Azərbaycanı deyil, Qərblə yaxınlaşmaq istəyən Ermənistanı dəstəkləyir. 

Ziddiyyətli görünsə də, Qərbin Azərbaycandan tələb etdiklərini İran da təqdir edir. Bu isə müəyyən məsələlərdə, o cümlədən Azərbaycana münasibətdə İran-Qərb tərəfdaşlığını üzə çıxarır. Özü də bu əməkdaşlıq kortəbii deyil, Fransa tərəfindən koordinasiya olunur. Hazırda İran Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək istiqamətində Qərblə ortaq hərəkət edir. 

Bu gün Qərb Türkiyənin Azərbaycanla müttəfiqliyinə görə Ankaradan yan keçərək Ermənistanla əlaqələri birbaşa inkişaf etdirmək istəyir. Tehran İrəvanın Qərblə yaxşı münasibətlər qurmasının tərəfdarıdır, amma bu münasibətlərin siyasi, strateji və hərbi müttəfiqliyə çevrilməsini istəmir. İran Ermənistanı Qərbə qarşı Rusiyanın tərəfində saxlanılmalı olan ölkə kimi görür. İslam Respublikası həm də özünü Ermənistan üçün Rusiyaya alternativ kimi təqdim edir. 

Nəticə 

İranın susqunluğu öz prinsiplərinə zidd olaraq daim rastlaşdığı ideologiya - praqmatizm qarşıdurmasının fərqli təzahürüdür. Bu ziddiyyət dini rejimin öz qırmızı xətlərini daim keçərək qeyri-sabitliyini üzə çıxarır. Onun Ermənistana qarşı “ideoloji tolerantlığı” Azərbaycana qarşı tətbiq etdiyi ikili standartların göstəricisidir.  

Tehran Bakı və İrəvan arasında qaynar münaqişənin olmasını istəmir, lakin tərəflərin barışmasını da özü üçün təhlükə kimi görür. İran Ermənistana qalib gələn Azərbaycanı Cənubi Qafqazdakı yeni rəqibi kimi nəzərdən keçirir.

Ermənistanla bağlı Rusiya ilə Qərb arasında münaqişənin və gərginliyin dərinləşməsi də İranı narahat edən digər məsələdir. Tehran öz sərhədlərində “ikinci Ukrayna” görmək istəmir.

Ermənistanın institusional olaraq NATO və Aİ kimi təşkilatlara daxil olmaq cəhdlərinin konkretləşdirməsi və inteqrasiya prosesinə başlaması İran üçün qəbuledilməzdir. Bu kontekstdə Tehranın strategiyası aydındır: O, Rusiyanın əli ilə Ermənistanı məhdudlaşdırmağa çalışır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin