Dünyada ən çox satılan ÇİN AVTOMOBİLLƏRİ – Bəs ölkəmizdə onlara maraq HANSI SƏVİYYƏDƏDİR?

Hazırda oxunan: Dünyada ən çox satılan ÇİN AVTOMOBİLLƏRİ – Bəs ölkəmizdə onlara maraq HANSI SƏVİYYƏDƏDİR?

181039

Çin Avtomobil İstehsalçıları Birliyinin məlumatına görə, 2023-cü ildə Çin avtomobillərinin ixracı rekord həddə - 5,26 milyon ədədə çatıb. Çinin daxili bazarı da daxil olmaqla satılan maşınların sayı isə 25,5 milyona bərabər olub. Nəticədə Çin Yaponiya, Almaniya və Cənubi Koreyanı qabaqlayaraq əsas dünya ixracatçısı adını qazanmağa müvəffəq olub.

Yüksək göstəricinin əsas hərəkətverici qüvvəsi, Rusiyanın Çindən avtomobil idxalını 2022-ci illə müqayisədə ən azı 5 dəfə - 800 min ədədə qədər artırmasıdır.

Sanksiyalar və geosiyasi gərginlik fonunda, Çin istehsalçıları bazardan getmək məcburiyyətində qalan rəqiblərinin yerini tutublar.

Dünya üzrə göstəricilərə gəlincə isə, Çinin “BYD” markası ötən il ən çox satılan avtomobil markaları siyahısında ilk pillədə qərarlaşıb. “BYD” 2,57 milyon avtomobil satışı ilə dünyaca məşhur “Volkswagen” və “Toyota” kimi markaları da geridə qoymağı bacarıb.

Bundan əlavə, dünyada ən çox satılan 10 avtomobil markası siyahısında Çinin “Geely” və “Changan” kimi maşın istehsalçıları da yer alıblar. 

Qeyd edək ki, ölkəmizdə də son illər Çin avtomobillərinə maraq artıb. Lakin bu ölkənin maşınlarına ölkəmizdə münasibət birmənalı deyil. Xüsusilə də, Azərbaycan istehlakçıları üçün Çin avtomobilləri hələ də özlərini tam doğrultmağı bacarmayıblar.

“Elektrik və hibridlərə maraq daha çoxdur”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycana gətirilən elektrik və hibrid avtomobillər içərisində Çin istehsallı maşınlar xüsusən daha sürətlə artır:

“Azərbaycanda da son zamanlar Çin istehsallı avtomobillərə böyük maraq yaranıb. Satılan yeni avtomobillər içərisində Çin istehsallı avtomobillərin payı böyükdür. Bu ölkədən avtomobil gətirilməsi günü-gündən artır. Çindən xüsusən də elektrik və hibrid avtomobillər gətirilir”. 

Həmsöhbətimiz yaranmış bu vəziyyəti təbii hesab edir:

“Azərbaycan cəmiyyətində bahalı avtomobillərə o qədər də maraq yoxdur. Eyni komplektasiya, quruluş və gözəllikdə olan avtomobillər arasında ucuz maşınlara üstünlük veririk. Bu seqmentdə olan bazarı da Çin avtomobilləri təmin edə bilir. Qərb istehsalı olan məşhur brendli avtomobillərlə müqayisədə Çin avtomobillərinin qiyməti yarıbayarıdan da aşağıdır. Ona görə də həmin maşınlara maraq artıb”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin