Din adamı Elşən Şəkərov yarışda qələbə qazanan idmançının şükür səcdəsi etməsini doğru hesab etmir. Hətta bunun pis vərdişlərə vəsilə olduğunu deyir. O bununla bağlı sosial şəbəkədə paylaşım edib. Təbii ki, Elşən Şəkərovun bu fikirləri birmənalı qarşılanmayıb, müəyyən müzakirələrə yol açıb.
Məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, futbol kimi oyunlar sağlamlığa, idmana xidmət etdikdə din buna müsbət baxır:
MÖVZU İLƏ BAĞLI:
“Estetik əməliyyat etdirənlər cəhənnəmi satın alanlardır” – İlahiyyatçıdan ETİRAZ
“Çünki İslam dini sağlamlığa böyük önəm verir. Hətta Peyğəmbərdən hədislər var ki, at yarışları keçirin, ox atmaq öyrənin, güləşin...
Hətta məsciddə belə güləşməyə izn verilir. Məsələn, dinimizə görə məsciddə güləş yarışı keçirmək olar. Lakin indi bir çox məscidləri idman, kitabxana, ibadət yeri yox, ancaq dəfn bürosu halına salıb xurafat evi ediblər”.
İlahiyyatçı onu da əlavə edib ki, müasir dövrümüzdə isə futbol idmandan çox siyasi vasitə kimi istifadə olunur:
“Futbol yarışları hansısa başqa marağa xidmət edir, qalibiyyət və məğlubiyyət də bəzi vaxtlar müəyyən təsirlərlə əmələ gəlir, bacarıqla deyil. Bu yarışlara həddən artıq maddi resurs sərf olunur ki, bu da israf sayılacaq həddədir. Futbol idman yarışından çox qumar vasitəsinə bənzəyir.
Əgər belə futbol yarışlarının ölkəyə, vətəndaşa, müsəlmanlara faydası və maddi, mənəvi xeyri varsa, burada iştirak etmək, oynamaq, hətta tamaşaçı olmaq dini cəhətdən normaldır və qələbə əldə edilərkən Allaha şükr etmək, səcdəyə qapanmaq da təbiidir.
Şükür səcdəsi müsəlmanların qələbəsinə, sevincinə, faydalı işlərdə üstünlük əldə etməsinə görədir.
Yox, kimsə Qarabağ alındığına görə Allaha şükür səcdəsi etməyib futbola görə səcdə edirsə, bu Allah üçün, xalq üçün yox, şəxsi hisslərinə görədir və hədərdir.
Tutaq ki, güləş yarışında müsəlman olan şəxs rəqibə qalib gəlir, əgər rəqib qeyri - müsəlmandırsa, qalibin şükr səcdəsi etməsi uyğundur, yox məğlub da müsəlmandırsa buna ehtiyac yoxdur. Müsəlman müsəlmana rəqib yox, qardaş sayılır.
Ümumiyyətlə, futbol yarışları müxtəlifdir. Əgər o yarışda xalqın, dövlətin mənafeyi varsa, komandamız qalib gələrsə, bu zaman nəinki oyunçular, hətta tamaşaçılar da şükür səcdəsi etməlidir.
Yox, əgər yarış qumar xarakteri daşıyırsa, insanların narahatlığına və israfa səbəb olursa, sosial durumu ağır olanların haqqından kəsilib təşkil edilirsə, bu zaman şükür etmək, belə ziyanlı bir işi alqışlamaq ədəbə uyğun deyil”.
Surxay Atakişiyev, Bizim.Media